AZ

Ölkədə yayılan qorxunc virus haqda yeni məlumat Əhaliyə çağırış edildi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlər həm uşaqlar, həm də böyüklər arasında xəstəlik geniş yayılıb. İlk baxışda adi qrip təsiri bağışlasa da, əlamətləri bir çoxlarına koronavirusu xatırladır. Əzələ ağrıları, yüksək hərarət, səs tutulması, baş və bədən ağrıları xəstələrin əsas şikayətləridir.

Hazırda yayılan bu xəstəlik nədir və doğrudanmı koronavirus yenidən geri qayıdıb?

Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybullanın sözlərinə görə, nəzərə almaq lazımdır ki, koronavirus epidemiyası tam sönməyib.

O bildirib ki, pandemiya mərhələsi bitsə də, SARS-CoV-2 virusunun “Omikron” ştamının müxtəlif mutasiya variantları hələ də dövriyyədədir və fərqli klinik mənzərə göstərir:

“Bununla yanaşı, hər il ənənəvi olaraq qrip virusu müşahidə olunur və hazırda respirator infeksiyaların yayılmasında qriplə yanaşı respirator sinsitial virus (RSV) da mühüm rol oynayır. Bu virus həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb. Qrip A virusu isə demək olar ki, hər il yeni ştamlarla ortaya çıxır. Ümumilikdə, bizi gələcəkdə qrip pandemiyasının gözlədiyi istisna edilmir. Çünki bu virus daim mutasiya edir və növbəti pandemiyanın nə vaxt baş verəcəyi dəqiq proqnozlaşdırılmır. Dünya Səhiyyə Təşkilatının da mövqeyi bundan ibarətdir ki, qrip hər il dünyada ciddi itkilərə səbəb olur. Hazırda Azərbaycanda da narahatlıq doğuran vəziyyət mövcuddur. Xüsusilə uşaqlar arasında xəstələnmə halları artıb, ağırlaşmalar, pnevmoniya, aşağı tənəffüs yollarının iltihabı kimi fəsadlar daha tez-tez müşahidə olunur. Xəstəxanalara çoxlu sayda uşaq və gəncin yerləşdirilməsi ümumi epidemioloji durumun ciddi olduğunu göstərir”.

Adil Qeybulla

A.Qeybulla deyib ki, insanlar öz məsuliyyətini dərk etməli və özlərini qorumalıdırlar:

“Yeni il günlərində şəhərin mərkəzi küçələrində, ticarət məkanlarında insanların maskasız, karantin qaydalarına əməl etmədən sıx təmasda olması yoluxma riskini əhəmiyyətli dərəcədə artırdı. Çünki respirator infeksiyalar yaxın məsafədə təmas yolu ilə çox asan yayılır və viruslar zamanla mutasiya edərək daha aqressiv forma ala bilir. Məhz buna görə də məktəblərdə, auditoriyalarda xəstə şəxslərin dərsə gəlməsi yolverilməzdir. Onlar evdə müalicə olunmalı, tam sağaldıqdan sonra kollektivə qayıtmalıdırlar. Xəstə insanların digər şəxslərlə təması məqsədəuyğun deyil. Maska taxmaq, gigiyenik qaydalara əməl etmək son dərəcə vacibdir. Pandemiya dövründə bu təcrübəni artıq yaşamışıq, lakin təəssüf ki, çox vaxt bu qaydalara riayət etmirik”.

Adil Qeybulla son olaraq onu qeyd edib ki, vitaminlə zəngin qidaların qəbulu, təmiz havada gəzmək, fiziki aktivliyin artırılması da immun sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
152
globalinfo.az

1Mənbələr