AZ

Ölkədə virusa yoluxanların sayı çoxalır: Maska taxmaq məcburi olacaq?

Son günlər mövcud epidemioloji vəziyyətlə əlaqədar maska məcburiyyətinin yenidən tətbiq olunub-olunmayacağı müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, mövcud epidemioloji vəziyyət fonunda maska məcburiyyətinin tətbiqi gündəmdədirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hazırda bu istiqamətdə rəsmi qərar və ya açıqlama yoxdur. Onun sözlərinə görə, mövcud durumda maska taxılmasının məcburi xarakter daşıdığını demək düzgün olmaz:

Günay Lətifova

“Hazırda bununla bağlı rəsmi açıqlama olmadığı üçün konkret fikir söyləmək doğru deyil. Düşünmürəm ki, maska məcburiyyəti hazırda gündəmdə olsun”.

Həkim-terapevt qeyd edib ki, hər hansı məcburiyyət olmasa da, risk qruplarına və özünü halsız, narahat hiss edən şəxslərə tövsiyələr verilir:

“Ümumiyyətlə, özünü halsız və narahat hiss edən şəxslərin metro, avtobus kimi sıxlıq olan yerlərdə həm özlərini, həm də ətrafdakı insanları qorumaq üçün maskadan istifadə etməsi daha məqsədəuyğundur. Bu, vacib şərt kimi qeyd olunmur, amma sıxlıq olan məkanlarda maska taxılması tövsiyə edilir”.

Qeyd edək ki, hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və maska istifadəsi şəxsi məsuliyyət çərçivəsində tövsiyə xarakteri daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
82
1
konkret.az

2Mənbələr