
Ötən ilin ilk 11 ayı ərzində 97 mindən çox Rusiya vətəndaşı xarici ölkələrdə vətəndaşlıq və ya yaşayış icazəsi əldə edib.
Yeniavaz.com xəbər verir ki, məlumatı TASS Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən yayıb.
Bildirilir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər azdır. Nazirliyin açıqlamasında bildirilib ki, 2025-ci ilin yanvar–noyabr ayları ərzində Rusiya vətəndaşları xarici dövlətlərin vətəndaşlığını almaları, yaşayış icazəsi əldə etmələri və ya daimi yaşamaq hüququnu təsdiq edən digər sənədlərlə bağlı 97 mindən çox bildiriş təqdim ediblər. Müqayisə üçün, 2024-cü ilin ilk 11 ayında bu cür bildirişlərin sayı 109 min təşkil edib.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hesabat dövründə Rusiya vətəndaşları əsasən Almaniya, İsrail, İspaniya, Ermənistan və ABŞ-də vətəndaşlıq və ya yaşayış icazəsi aldıqlarını bildiriblər.