Ukrayna Prezidenti Vladimir Zelenski Rəqəmsal Transformasiya Nazirliyinin hazırkı rəhbəri Mixaylo Fedorovu ölkənin yeni müdafiə naziri vəzifəsinə təklif edib. Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısı yanvarın 2-də axşam müraciətində məlumat verib.
Prezident bildirib ki, Müdafiə Nazirliyinin fəaliyyət formatının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Onun sözlərinə görə, Mixaylo Fedorov dron texnologiyaları üzrə layihələrdə fəal iştirak edir, həmçinin dövlət xidmətləri və proseslərinin rəqəmsallaşdırılmasında mühüm rol oynayıb.
“Mixaylo Fedorov müdafiə sektorunda zəruri dəyişiklikləri həyata keçirə, bu sahəyə texnoloji çeviklik və yeni yanaşmalar gətirə biləcək. Biz hərbi qulluqçular, hərbi komandanlıq, milli silah istehsalçıları və tərəfdaşlarla birlikdə müdafiə sahəsində ciddi transformasiya aparmalıyıq”, – deyə Zelenski vurğulayıb.
Prezident eyni zamanda hazırkı baş nazir Denis Şmıhala hökumət fəaliyyətinin başqa, ölkənin dayanıqlılığı üçün az əhəmiyyət daşımayan bir sahəsinə rəhbərlik etməyi təklif etdiyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, yaxın vaxtlarda digər dövlət qurumlarında da kadr dəyişiklikləri olacaq və Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbərinin adı tezliklə elan ediləcək.
“Bu gün ölkə daxilində mühüm bir yenilənmə prosesi başlayıb. Məqsəd Ukraynanı daha dayanıqlı və güclü etməkdir. Dövlət qurumları ötən il həm müsbət nəticələr, həm də yeni ilə daşına bilməyəcək problemlər ortaya qoydu”, – deyə prezident əlavə edib.
Qeyd edək ki, 34 yaşlı Mixaylo Fedorov Ukrayna hökumətinin ən gənc nazirlərindən biridir.
Xatırladaq ki, Prezident Zelenski bu gün həmçinin Kirilo Budanovu Prezident Administrasiyasının rəhbəri, Oleq İvaşçenkonu isə Baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edib. Bundan əlavə, dövlət başçısı Daxili İşlər naziri İqor Klimenkonun yaxın zamanda Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə namizədlər təqdim edəcəyini bildirib. Hazırkı rəis Sergey Deyneko isə fəaliyyətini Daxili İşlər Nazirliyində davam etdirəcək.