Paris, 3 yanvar, AZƏRTAC
Fransanın Reünyon departamentinin prefekturası Piton de la Furnez vulkanının yanvarın 2-də yerli vaxtla saat 12:00-dan etibarən yenidən oyanma mərhələsinə keçirildiyini açıqlayıb. Qərar yanvarın 1-də səhər saatlarında baş verən seysmik böhrandan sonra qəbul olunub.
AZƏRTAC xəbər verir ki, Piton de la Furnez Vulkanoloji Rəsədxanasının (OVPF) məlumatına görə, seysmik aktivlik hazırda normal səviyyəyə enib və saatda bir-üç zəif yeraltı təkan qeydə alınır. Bu mərhələdə püskürmənin yaxın olması təsdiqlənmir, lakin vəziyyət diqqətlə izlənilir.
Mövcud şərait nəzərə alınaraq, prefektura oyanma mərhələsinin bərpasına nəzarət qərarı verib. Bu mərhələdə vulkanın fəaliyyəti diqqətlə izlənilir, lakin püskürmənin yaxın və ya qaçılmaz olması təsdiqlənmir.
Oyanma mərhələsində ictimai təhlükəsizliyi təmin etmək məqsədilə vulkan ərazisinə girişə məhdudiyyətlərin tətbiqini nəzərdə tutulur. 2025-2589 nömrəli qərara uyğun olaraq, yalnız Meşə Təsərrüfatı İdarəsi (ONF) tərəfindən işarələnmiş və baxımlı cığırlar açıq qalır, təhlükəli zonalara giriş isə qadağandır.
Səlahiyyətli qurumlar vurğulayır ki, yeni maqmatik intruziya mərhələsi müşahidə olunarsa, “xəbərdarlıq 1 – ehtimal olunan və ya qaçılmaz püskürmə” səviyyəsinə qayıdış mümkündür. Buna görə də, sayıqlıq vacib olaraq qalır və dövlət xidmətləri vəziyyəti yaxından izləyir.
Piton de la Furnez dünyanın ən aktiv vulkanlarındandır. Hind okeanında Fransanın dənizaşırı Reünyon departamentində yerləşən vulkan tez-tez püskürür. Bu püskürmələr adətən axıcı xarakter daşıyır və böyük partlayışlar olmadan lavanın səthə çıxması ilə müşayiət olunur.
Vulkanda sonuncu püskürmə 2023-cü ilin 2 iyulunda başlayıb, avqustun 10-da başa çatıb.