Paris, 3 yanvar, AZƏRTAC
Fransada kənd təsərrüfatı sektorunda gərginlik fonunda hökumət yanvar ayı ərzində fermerlərə dəstək tədbirləri planlaşdırır. Kənd Təsərrüfatı naziri Anni Jenevarın bazar günü açıqlama verəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, Fransada dekabr ayı fermerlərin nodulyar dermatoz adlı yüksək yoluxucu heyvan xəstəliyi və “Mercosur” razılaşması ilə bağlı narazılığı ilə yadda qalıb.
Hökumət yanvar ayında tədbirlər görməyi nəzərdə tutur, lakin Baş nazir vurğulayır ki, onların icrası üçün ölkənin büdcəsi olmalıdır. Bildirilir ki, kənd təsərrüfatı fevral ayını gözləyə bilməz. Buna görə də vaxtında qəbul edilə bilməyən 2026-cı il büdcə layihəsi üzrə müzakirələrin sürətləndirilməsi zəruridir.
Baş nazir, həmçinin gələn həftə məsələ ilə bağlı müvafiq nazirləri bir araya gətirəcəyini bildirib.
Fermerlər isə nodulyar dermatoz xəstəliyi ilə mübarizəni davam etdirirlər. Kənd Təsərrüfatı Nazirliyinin yenilənmiş hesabatına görə, Ariej bölgəsində yeni yoluxma halı aşkarlanıb. Paralel olaraq, Avropa İttifaqı ilə Latın Amerikası ölkələrini birləşdirən “Mercosur” azad ticarət razılaşması layihəsinə etirazlar da davam edir. Sənədin imzalanması yanvar ayına təxirə salınıb.