Yaxın Şərqdə gərginlik yenidən artıb. ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında gərginliyi artıran xəbərdarlıqlarından sonra Tehrandan sərt cavab gəlib. İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Vaşinqtonun hər hansı potensial hərəkətlərinin ciddi nəticələrə səbəb olacağını və bölgədəki bütün Amerika bazalarını və hərbi elementlərini açıq şəkildə hədəf alacağını bildirib.
Qeyd edək ki, Tehranı müharibə ilə hədələyən Tramp bildirib ki, İranda dinc etirazçılar hədəf alınarsa, Vaşinqton müdaxilə üçün hərəkətə keçəcək: "Əgər İran həmişə etdiyi kimi dinc etirazçıları güllələyərək öldürərsə, ABŞ onların köməyinə gələcək. Silahlarımız hazırdır, onları xilas etməyə, atəş açmağa hazırıq. Tətikdəyik, hərəkətə keçməyə hazırıq".
Qalibaf isə ABŞ-ın bölgədəki hər hansı addımları qarşısında Amerika bazaları və hərbi elementlərinin "qanuni hədəf" olacağını bildirib. Qalibaf ABŞ Prezidenti Trampa göndərdiyi mesajda bildirib: “Bu rəsmi etirafla Tramp bilməlidir ki, regiondakı bütün Amerika mərkəzləri və qüvvələri potensial avantürizmə cavab olaraq bizim üçün qanuni hədəf hesab ediləcək”.
ABŞ qoşunları və hərbi obyektləri Türkiyə, İraq, İordaniya, İsrail, Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazilərində yerləşir. Vaşinqton həmçinin Hind okeanındakı Dieqo Qarsiya bazasında da hərbi gücünü artırır.
ABŞ-ın Yaxın Şərqdə 11 ölkədə cəmi 46 hərbi bazası var. Bu bazalarda xidmət edən Amerika əsgərlərinin sayı təxminən 54-55 min nəfərdir. Bu rəqəmə regionda yerləşdirilən təyyarədaşıyan gəmilərdəki və hərbi gəmilərdəki personal daxil deyil.
Yaxın Şərqdə ən çox ABŞ bazası İraqdadır. Şimalda Ərbildən cənubda Bəsrəyə qədər uzanan bölgədə 9 ABŞ bazası var. Ölkədəki Amerika əsgərlərinin sayı təxminən 5 min nəfərdir.
Türkiyənin səkkiz fərqli bölgəsində də ABŞ qoşunları yerləşir. Bu bazalardan ən diqqət çəkəni NATO çərçivəsində Türkiyə Silahlı Qüvvələri ilə birgə istifadə edilən İncirlik Hərbi Hava Bazası və Qara dənizin cənub sahilindəki Sinopdur.
İncirlik uzun müddətdir ki, ABŞ və NATO üçün regionda ən strateji hava bazalarından biri olub. Türkiyənin yerləşdiyi mövqeyə görə bu baza tez-tez Yaxın Şərqdəki hadisələrlə bağlı müzakirələrdə gündəmə gəlir.
Küveyt də regionda ən çox sayda Amerika qoşununa ev sahibliyi edən ölkə kimi seçilir. Orada təxminən 13 min ABŞ əsgəri yerləşib. Bölgədəki ən böyük Amerika hava bazası Qətərdə yerləşir. Burada 10 min Amerika əsgəri var. Bu bazanın tikintisinə 1996-cı ildə başlanılıb.
Birləşmiş Ərəb Əmirliklərində 3800, Bəhreyndə isə 7000 Amerika əsgəri yerləşdirilib. Bəhreyndə ABŞ-ın 5-ci Donanması yerləşir. Bu hərbi mövcudluğun tarixi 1980-ci illərdəki İran-İraq müharibəsinə və Hörmüz boğazındakı tanker böhranına gedib çıxır.
Omanda təxminən 600 ABŞ əsgəri var. Suriyaya gəlincə, son rəqəmlərə görə, burada təxminən 2000 Amerika əsgəri var idi. Lakin bəzi bazaların bağlanması və qoşunların geri çəkilməsi səbəbindən bu rəqəmin daha da azaldığı təxmin edilir.
İordaniyanın, xüsusən də Suriya sərhədinə yaxın ərazilərdə Amerika bazaları var. Ölkədəki ABŞ əsgərlərinin sayı isə təxminən 3000-dir. Səudiyyə Ərəbistanında da təxminən 3000 Amerika əsgəri var.
İsraildə Nevatim Hava Bazasında da ABŞ əsgərləri var. Lakin bu bazada yerləşən Amerika əsgərlərinin dəqiq sayı məlum deyil. Misirdə də ABŞ bazası var, lakin bildirilir ki, bu baza ABŞ ordusu tərəfindən fəal şəkildə istifadə olunmur.
TAHİR