AZ

1999-cu ildə verilən proqnozların əhəmiyyətli hissəsi artıq gerçəkləşib

Yarım əsr əvvəlin sorğuları ABŞ-də qara dərili prezidentdən tutmuş iqlim dəyişikliyinə qədər bir sıra qlobal dönüşləri qabaqcadan göstərib...

Poliqon xəbər verir ki, Axios-un təhlilinə görə, ABŞ-də 1999-cu ildə keçirilmiş sorğularda iştirak edən amerikalılar növbəti 50 il üçün əsas siyasi, texnoloji və sosial dəyişikliklərin böyük hissəsini doğru proqnozlaşdırıblar. Həmin dövrdə səsləndirilən gözləntilər arasında qara dərili ABŞ prezidentinin seçilməsi, mülki şəxslərin kosmosa uçuşu və planetdə iqlimin istiləşməsi kimi hadisələr yer alırdı və bunların əksəriyyəti artıq reallığa çevrilib.

Məqalədə qeyd olunur ki, texnologiya sahəsində ən dəqiq proqnozları verənlərdən biri “Microsoft”un qurucusu Bill Qeyts olub. O, 1999-cu ildə mobil qurğuların gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcəyini, insanların kiçik cihazlar vasitəsilə daim əlaqədə qalacağını, onlayn ödənişlər edəcəyini, xəbərləri izləyəcəyini, maliyyə bazarları barədə məlumat alacağını və elektron bizneslə məşğul olacağını demişdi. Bu proqnozlar bu gün smartfonlar, mobil bankçılıq, onlayn ticarət və rəqəmsal reklam bazarının sürətli inkişafı fonunda demək olar ki, tam şəkildə öz təsdiqini tapıb.

Siyasi proqnozlar da diqqətçəkən olub. 1999-cu ildə sorğuda iştirak edənlərin 41 faizi 2050-ci ilə qədər daha çox ölkənin diktatorlar tərəfindən idarə olunacağını düşünürdü. Bununla yanaşı, respondentlərin 79 faizi demokratiyanın dünyada yayılmağa davam edəcəyinə inanırdı. Lakin “Economist Intelligence Unit”in ötən il açıqladığı Demokratiya İndeksinə əsasən, 2014–2024-cü illər arasında avtoritar rejimlərin sayı artıb və qlobal demokratiya indeksi tarixi minimum səviyyəyə düşüb. Bu da o dövrdə səsləndirilən pessimist proqnozların qismən doğrulduğunu göstərir.

Kosmosla bağlı gözləntilər isə hələ tam reallaşmayıb. Sorğuda iştirak edənlərin 57 faizi hesab edirdi ki, 2050-ci ilə qədər adi insanlar kosmosa uça biləcək. Bu proqnoz hələlik geniş miqyasda həyata keçməsə də, milyarder Ceff Bezosun “Blue Origin” şirkəti artıq əsasən məşhurlar və varlı şəxslər üçün nəzərdə tutulmuş təxminən on suborbital uçuş həyata keçirib. Bu isə gələcəkdə kosmik turizmin kütləviləşə biləcəyinə dair ilkin siqnallar kimi qiymətləndirilir.

Axios-un təhlili göstərir ki, 1999-cu ildə səsləndirilən bir çox gözlənti ya artıq gerçəkləşib, ya da gerçəkləşmək üzrədir və bu, uzunmüddətli proqnozların bəzən düşündüyümüzdən daha dəqiq ola biləcəyini ortaya qoyur.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr