Ağcabədi, 2 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi pambıqçıları 2025-ci təsərrüfat ilini uğurla başa vurublar. Tarlalardan 41 min 268 ton məhsul əldə olunub ki, bu da rayon üzrə son 10 ilin ən yüksək göstəricisidir.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda 2025-ci təsərrüfat ilində “Azərpambıq” MMC-nin Ağcabədi filialı, “Prime cotton” MMC-nin Ağcabədi filialı, “P-Aqro” MMC, “Hüseyn Pambıq İK” MMC, “Prime cotton” MMC-nin Ağdam filialı, “Azərpambıq” MMC-nin Ağdam filialı, “Azərşəkər” MMC və “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə, 11 min 821,7 hektar sahədə pambıq becərilib. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində yüksək məhsuldarlığa nail olunub. Fermerlərdən 298 nəfəri 45 sentnerdən yüksək məhsul əldə edib. Rayon üzrə orta məhsuldarlıq isə 34,9 sentner olub.