Azərbaycan dövləti və xalqına qarşı çoxsaylı ağır cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi 2025-ci ildə davam etdi. Artıq məlumdur ki, prokuror onlara ağır cəzalar istəyib.Bəs 2026-cı ildə prosesdən gözləntilər nədir? Məhkəmə istintaqı daha nə qədər sürə bilər? Bu ilin ortalarına, tutaq ki, Ermənistanda parlament seçkilərinədək müttəhimlərə hökm oxunması mümkünmü? 2025-in yekunu nə deyir?
Bəllidir ki, Rusiya desantı, erməni milyarder Ruben Vardanyanın cinayət işi ayrıca icraata götürülüb. Onunla bağlı proses də eyni vaxtda yekunlaşacaq, yoxsa...
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, ötən il boyunca separatçıların üzərində davam edən məhkəmə araşdırmaları Azərbaycan tarixində ən ağır cinayət işlərindən biridir: “Bu şəxslər 30 ildən artıq Azərbaycan dövlətinə və xalqına qarşı terror, hərbi cinayətlər və insanlığa zidd əməlləri törətməkdə ittiham olunublar. Artıq onların çoxcildli cinayət işi üzrə məhkəmə prosesi sona yaxınlaşır. Prokurorların ittiham çıxışları, tələb edilən ağır cəzalar göstərir ki, məhkəmə istintaqı faktiki olaraq tamamlanma mərhələsinə qədəm qoyub. 2025-ci ilin yekunları göstərdi ki, istintaq artıq sübut toplama mərhələsini çoxdan keçib. Şahid ifadələri, sənədlər, beynəlxalq hüquqa uyğun təsnifatlar məhkəməyə təqdim edilib. Bu mərhələdə prosesin uzanması artıq hüquqi zərurətdir”.
Cavad Cavadov deyib ki, belə işlərdə hökmün gecikdirilməsi nadir haldır: “Müdafiə tərəfi, ittiham tərəfi artıq mövqelərini ortaya qoyublar. Bu isə onu deməyə əsas verir ki, 2026-cı ilin birinci yarısında hökmün oxunması realdır”.
Cavad Cavadov deyib ki, Azərbaycan məhkəməsində mühakimə olunan şəxslər separatçılardır, xüsusilə regionda və Ermənistanda gözlənilən siyasi proseslər, o cümlədən parlament seçkiləri hökmün oxunmasını daha da aktuallaşdırır: “Amma burada vacib nüans var - Azərbaycan hüquq sistemi müstəqildir. Aydındır ki, seçkilər ərəfəsində oxunan hökm həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq auditoriyaya ünvanlanan mesaj ola bilər”.
Cavad Cavadov deyib ki, Ruben Vardanyanın məsələsinin isə tamam fərqli müstəvidə olduğunu vurğulayıb: “Onun işinin ayrıca icraata götürülməsi ilə artıq göstərir ki, Vardanyan sıradan müttəhim deyil. O, həm maliyyə şəbəkələrinin, həm Rusiya siyasi dairələrinin, həm də separatçı strukturun simvoludur. Bu səbəbdən ehtimal etmək olar ki, əsas separatçı qrup üzrə hökm daha tez oxuna bilər, Vardanyan işi isə ya bir qədər uzadılacaq, ya da ayrı, daha nümayişkaranə hökm mərhələsi ilə yekunlaşacaq. Bu, hüquqi baxımdan da məntiqlidir. Vardanyanın əməlləri təkcə Azərbaycan Cinayət Məcəlləsi ilə yox, beynəlxalq maliyyə cinayətləri və müharibənin maliyyələşdirilməsi kontekstində də qiymətləndirilə bilər”.
Cavad Cavadov deyib ki, 2026-cı il separatçılara hökm oxunması baxımından həlledici görünür: “Separatçılara veriləcək cəza daha çox tarixə yazılan hüquqi akt olacaq”./Musavat.com/