Avqust ayında Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev ölkələri arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Bu, Vaşinqtonda, o vaxtdan bəri Qafqaz respublikalarının liderlərini dost adlandıran ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə baş verib. Eyni zamanda, Tramp və Paşinyan bəyannamə imzalayıblar ki, Ermənistan və ABŞ Bakını onun eksklavı olan Naxçıvanla birləşdirən marşrut üzrə əməkdaşlıq edəcəklər. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) adlandırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Nezavisimaya qazeta" yazıb.
Rusiya nəşri Vaşinqton görüşünü 2025-ci ilin ən mühüm hadisələri sırasına daxil edib.
"Nezavisimaya qazeta" qeyd edib ki, o vaxtdan təxminən dörd ay keçdi və layihə haqqında təfərrüatlar azdır:
"İrəvanın “Tramp yolu”nu erməni-amerikan şirkətinə icarəyə verəcəyi məlumdur. Əvvəlcə sövdələşmənin 99 il olacağı gözlənilirdi ki, bu da investorlara sərmayələrini tam şəkildə geri qaytarmağa imkan verirdi, lakin sonra Paşinyan infrastruktur icarəsinin yalnız 49 il davam edəcəyini təklif edib.
Təhlükəsizlik məsələləri də həll olunmamış qalır. Bir tərəfdən bunu Amerika və ya erməni-amerikan özəl mühafizə şirkətləri həyata keçirə bilərdi. Digər tərəfdən, İran hakimiyyəti ümumilikdə Cənubi Qafqazın dinc inkişafını dəstəkləsə də, Amerika silahlı qüvvələrinin onların sərhədləri yaxınlığında olmasına qəti şəkildə qarşı çıxıb.
Bununla belə, layihənin həyata keçirilməsinin təxmini müddətinə dair bir anlayış var. Bakı sözügedən yolun öz hissəsini 2026-cı ilə qədər, Yerevan isə layihələndirməni 2026-cı ilin birinci yarısında tamamlayacaq və ikinci yarısında, yəni parlament seçkilərindən sonra torpaq işlərinə başlayacaq.
Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan bütün qüvvələrdən yalnız Paşinyanın “Vətındaş müqaviləsi” partiyası nəyin bahasına olursa-olsun layihəni başa çatdırmaq əzmindədir. Müxalifət “Tramp yolu”nu yenidən paketlənmiş “Zəngəzur dəhlizi” hesab edir, respublikanın milli təhlükəsizliyinə təhdid sayırr. Təşəbbüsün əleyhdarları ehtiyat edirlər ki, Bakı öz eksklavına birbaşa çıxış əldə edəcək və potensial olaraq Ermənistanın Sünik bölgəsini ikiyə bölərək, İranla əlaqəsini kəsə bilər.
Paşinyan həmvətənlərini belə dəhşətli hekayələrə inanmamağa çağırır. O, erməniləri inandırır ki, “Tramp yolu” onun “Sülh kəsişməsi” təşəbbüsünün əsas elementi olacaq, Ermənistanı qlobal ticarət mərkəzinə çevirəcək, Aİ ilə Çin, Rusiya və Yaxın Şərq arasında ən qısa marşrutları təmin edəcək.
İndiyədək ABŞ TRIPP-ə 145 milyon dollar sərmayə qoyub. Paşinyan Ermənistanın strateji tərəfdaşlıq sazişi imzaladığı Avropa İttifaqından da maliyyə cəlb etmək niyyətindədir. Brüssel buna qarşı deyil, İrəvanla yaxınlaşmanı Moskvadan uzaqlaşması ilə əlaqələndirir.
Rusiya da öz növbəsində “Tramp yolu” ilə bağlı Ermənistan-ABŞ razılaşmasını dəstəkləyib. Baş nazirin müavini Aleksey Overçukun dediyi kimi, əgər ermənilər müvafiq bəyannamənin imzalanmasının onlara daha böyük təhlükəsizlik təminatları verdiyinə inanırlarsa, bu, yaxşı haldır, çünki Moskva regionda sülh proseslərini dəstəkləyir.
Telegram kanalımız