AZ

Azərbaycanın beynəlxalq nüfuzu son illər daha da möhkəmlənib RƏY

Bakı, 2 yanvar, AZƏRTAC

Otuz il davam edən işğala son qoyulması yalnız hərbi qələbə deyil, beynəlxalq hüququn bərpası, tarixi ədalətin təmin olunması və milli suverenliyin tam şəkildə təsdiqi deməkdir. Prezident İlham Əliyevin Yeni il müraciətində vurğuladığı kimi, bu Zəfər təsadüfi deyil, uzunmüddətli, məqsədyönlü və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

Onun sözlərinə görə, son beş il ərzində Azərbaycan Silahlı Qüvvələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi bu siyasətin əsas sütunlarından birini təşkil edib. Ordunun müasir silah və texnika ilə təchiz olunması, döyüş qabiliyyətinin artırılması, xüsusilə xüsusi təyinatlı qüvvələrin say və peşəkarlıq baxımından bir neçə dəfə gücləndirilməsi ölkənin müdafiə potensialını köklü şəkildə dəyişib. Qlobal miqyasda genişmiqyaslı silahlanma prosesinin getdiyi, yeni təhlükəsizlik risklərinin yarandığı bir dövrdə Azərbaycanın, ilk növbədə, öz təhlükəsizliyini təmin etməsi rasional və məsuliyyətli dövlət ağlının və yanaşmasının göstəricisidir. Bu gün Azərbaycan Ordusu yalnız regionda deyil, beynəlxalq miqyasda da ciddi hərbi-siyasi faktor kimi qəbul olunur.

Vətən müharibəsindən sonra qarşıya qoyulan əsas hədəflərdən biri də əldə olunmuş Zəfərin beynəlxalq və siyasi müstəvidə möhkəmləndirilməsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl və prinsipial addımlar atdı. Artıq bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu və ölkəmizin haqlı Qələbəsini qəbul edir.

"Uzun illər münaqişənin süni şəkildə uzadılmasına xidmət etmiş ATƏT-in Minsk qrupu faktiki olaraq tarixin arxivinə göndərildi və bununla da Qarabağ mövzusu beynəlxalq gündəlikdən tamamilə silindi. Azərbaycan regional sülh gündəliyini irəli sürərək, qarşıdurma deyil, əməkdaşlıq modelini təklif etdi və bu siyasət Vaşinqtonda sülhün paraflanması ilə öz simvolik təsdiqini tapdı", - deyə A.Kərimli vurğulayıb.

O bildirib ki, daxili müstəvidə ölkə üzrə genişmiqyaslı quruculuq və inkişaf prosesi davam edir. Təkcə paytaxt deyil, regionlar da yeni infrastruktur, sosial layihələr və iqtisadi imkanlarla əhatə olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri müasir şəhərsalma və “ağıllı kənd” konsepsiyalarına əsaslanır. "Böyük Qayıdış" proqramı çərçivəsində artıq 70 minə yaxın insan doğma torpaqlarında yaşayır, çalışır və təhsil alır. Keçmiş məcburi köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşdirilib ki, bu da yalnız sosial ədalətin bərpası deyil, həm də milli birliyin real təzahürüdür.

Azərbaycanın beynəlxalq nüfuzu son illər daha da möhkəmlənib. Ölkəmiz müstəqil siyasət yürüdərək hər zaman bərabərhüquqlu tərəfdaşlıq prinsipinə sadiq qalıb. Heç kimə imkan verilməyib və verilməyəcək ki, Azərbaycanın daxili işlərinə müdaxilə etsin və ya öz iradəsini diktə etsin. Siyasi iradə, xalq-iqtidar birliyi, güclü ordu və dayanıqlı iqtisadi potensial elə bir səviyyəyə çatıb ki, bu gün Azərbaycanla yalnız qarşılıqlı hörmət və maraqlar əsasında danışmaq mümkündür.

Çoxşaxəli xarici siyasət bu gücün beynəlxalq platformalarda təzahür formasıdır. Azərbaycan səkkiz beynəlxalq təşkilatda fəal üzv kimi çıxış edir, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzv kimi qoşulmaqla Türk dünyası ilə siyasi və mədəni bağlarını daha da gücləndirir. 2025-ci ildə ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq tədbirlər – Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı və digər forumlar Azərbaycanın regional diplomatiyanın əsas mərkəzlərindən birinə çevrildiyini göstərir. Bu tədbirlər Türk dünyasının birləşməsi istiqamətində atılan real və strateji addımlar kimi qiymətləndirilməlidir.

"İqtisadi göstəricilər bu siyasi və hərbi gücü möhkəm təməl üzərində saxlayır. Azərbaycanın valyuta ehtiyatları tarixi rekord həddə – 80 milyard dollardan artıq səviyyəyə çatıb. Xarici borcun ümumdaxili məhsula nisbəti cəmi 6,3 faiz təşkil edir və valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyir. Dünyanın aparıcı reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini yüksəltməsi ölkə iqtisadiyyatına olan etimadın beynəlxalq təsdiqidir.

Prezident İlham Əliyevin müraciətində xüsusi vurğulanan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu ümumi mənzərənin mənəvi-siyasi tamamlayıcısı kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında güclü, müstəqil və qalib Azərbaycan dövləti dayanır. Xaricdə yaşayan soydaşlarımızın taleyi dövlət üçün qiymətlidir və bu həmrəylik milli gücümüzün ayrılmaz hissəsidir.

Beləliklə, qeyd edə bilərik ki, Yeni il müraciəti bir hesabatdan daha çox, Azərbaycanın keçdiyi yolun, əldə etdiyi uğurların və gələcəyə yönəlmiş strateji hədəflərin dolğun siyasi səlnaməsidir. Bu müraciət göstərir ki, Azərbaycan artıq təkcə regionun deyil, daha geniş geosiyasi məkanın söz sahibi olan güclü dövlətdir", - deyə deputat əlavə edib.

Seçilən
122
1
azertag.az

2Mənbələr