AZ

PSJ Luis Enrikeyə ömürlük müqavilə təklif edəcək

İspaniyalı Luis Enrike bir müddət əvvəl FİFA-nın versiyası üzrə ilin ən yaxşı məşqçisi sayıldı.

"Football-plus.az" xəbər verir ki, PSJ bu il onun rəhbərliyi altında, demək olar ki, bütün mümkün titulları qazanıb: Çempionlar Liqası, Fransa çempionluğu, ölkə kuboku və Superkuboku, həmçinin UEFA Superkuboku və Qitələrarası kubok. Parislilər 7-ci titulu da qazana bilərdilər. Ancaq klublararası dünya çempionatının finalında “Çelsi”yə uduzdular (0:3).

AS nəşrinin yaydığı xəbərə inansaq, Paris klubunun rəhbərliyi mütəxəssisin uğurlarından o dərəcədə razıdı ki, ona ömürlük müqavilə belə təklif etməyə hazırdı. Bəs bu realdımı?

Luis Enrike 2023-ün yayında PSJ-nin “sükanı arxasına” keçib. İspaniyalı mütəxəssislə indiki müqavilənin müddəti 2027-ci ilin yayına qədərdi. Ancaq klub bossları belə hesab edir ki, ilyarım bütün uzunmüddətli planları gerçəkləşdirmək üçün yetərli vaxt deyil. Baş məşqçi bütün həlledici qərarlarla bağlı klub rəhbərliyindən tam dəstək görür. Və qazanılan titullar da seçilən formulun yaxşı işləməsinin təsdiqidi.

Yenə də yuxarıda adı çəkilən nəşr xəbər verir ki, Qitələrarası kubokun Dohada keçirilən final oyunundan sonra PSJ rəhbərliyi ispaniyalıya unikal təkliflə üz tutmaq üzərində baş sındırıb:
“Klubda artıq mütəxəssislə ömürlük müqavilə imzalamaq imkanını gözdən keçirirlər”.
Enrikenin 55 yaşı var. Hər şeydən belə görünür ki, o, həqiqətən də hələ uzun müddət Parisdə çalışa bilər. İspaniyalının “Flamenqo” ilə oyundan sonra dediklərindən görünür ki, ayrılmaq fikrində deyil:
“Altı titul pis deyil. Bu qələbə o anlama gəlir ki, gələn il futbolkamızda əlavə bir nişan da olacaq. Yenə ötən mövsümdəki mübarizə əzmini ortaya qoyduq. Bundan sonra da hədəfimiz dəyişməyəcək – qələbələri davam etdirmək, ən yaxşı oyunumuzu göstərmək”.
2025 PSJ-nin tarixinə ən parlaq il kimi düşdü. Komanda Enrikenin rəhbərliyi altında fəal şəkildə yenilənir: gənc debütantlar özünü ən parlaq şəkildə göstərir, lider Mbappenin “Real”a keçidi hiss olunmur. Klubun mətbuat xidməti baş məşqçinin açıqlamasını yayıb:
“Parisdə hər kəs mənə təşəkkür edir, ancaqbu, mənim işimdi. Bu klubu təmsil etmək bizim üçün şərəfdi. Bu ruhda da davam etmək lazımdı. Unudulmaz il idi, ancaq indi bundan sonrakı oyunlara köklənmək lazımdı”.
PSJ-nin futbolçuları fərdi baxımdan da seçilir: Usman Dembele həm “Qızıl top” alıb, həm də “The Best” mükafatını. Rusiyalı qapıçı Matvey Safonov isə yaxınlarda FİFA üçün yeni rekord müəyyənləşdirdi – “Flamenqo” ilə oyundan sonra seriyada ardıcıl dörd penalti qaytardı. İndiyə qədər bu qurumun bayrağı altında keçirilən oyunlarda belə qəhrəmanlıq edən olmamışdı.
Seçilən
62
1
football-plus.az

2Mənbələr