AZ

Azərbaycanla bağlı kritik 2026 ssenarisi: Mühüm gəlişmə

2026-cı ildə Azərbaycanın siyasi gündəmində baş verə biləcək proseslər xüsusi maraq doğurur. Zəngəzur dəhlizi ilə bağlı qərarların verilməsi və Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətindəki gözləntilər isə xüsusi diqqət çəkir.

Globalinfo.az bu mövzuda politoloq Fərhad Məmmədovla söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

– Bu il Zəngəzur dəhlizi açıla bilərmi, yoxsa proses yenidən dondurulacaq?

– 2026-cı il Zəngəzur dəhlizi ilə bağlı mühüm qərarların verilməsi baxımından həlledici il olacaq. İlk olaraq Ağbəndə qədər dəmir yolunun tikintisinin başa çatdırılması gözlənilir. Eyni zamanda, Ermənistan ərazisindən keçən və Zəngəzur dəhlizinin tərkib hissəsi sayılan “TRIPP” layihəsi üzrə müqavilələrin imzalanması, o cümlədən infrastruktur işlərinə başlanması ehtimal olunur. Bundan əlavə, Naxçıvan ərazisində uzunluğu 180 kilometrdən artıq olan dəmir yolunun bərpası ilə bağlı qərarın verilməsi də gündəmdədir.

Nəticə etibarilə 2026-cı ildə Zəngəzur dəhlizi üzrə üç əsas qərarın qəbul edilməsi və layihənin reallaşmasının ilkin vaxt çərçivəsinin – 2029-2030-cu illərin – müəyyənləşdirilməsi gözlənilir.

– Azərbaycan–Ermənistan sülh müqaviləsinin imzalanması bu il real görünürmü?

– Sülh müqaviləsi məsələsinə iki mərhələdə yanaşmaq lazımdır: müqavilənin imzalanması və onun ratifikasiyası. Azərbaycanın bu istiqamətdə məlum şərtləri mövcuddur. Bununla yanaşı, hazırda Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı mümkün referendumdan daha vacib siyasi proses parlament seçkiləridir. Məhz bu səbəbdən, bu il keçiriləcək seçkilərin nəticələrindən asılı olaraq sülh müqaviləsinin imzalanması ehtimal olunur. Ratifikasiya mərhələsi isə referendumdan sonraya saxlanıla bilər.

– Sülh razılaşması regionda yeni təhlükəsizlik mexanizmləri yaradacaqmı?

– Bunu regionda tam yeni təhlükəsizlik mexanizmi kimi qiymətləndirmək düzgün olmaz. Lakin üç dövlət arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin aparılması və müəyyən regional çərçivə sənədinin qəbul edilməsi mümkündür. Bu sənəd sülh sazişi olmasa da, tərəflərin təhlükəsizliklə bağlı ümumi yanaşmalarını və baxışlarını əks etdirə bilər. Hazırkı şəraitdə bu istiqamətdə belə bir təşəbbüsə müəyyən dərəcədə ehtiyacın yarandığı da müşahidə olunur.

Azərbaycanla

Fərhad Məmmədov

– Qarabağdan sonrakı mərhələ Azərbaycanın regional siyasi mövqeyini necə dəyişəcək?

– Bu, kifayət qədər geniş məsələdir. Ermənistanla sülh gündəliyinin təsdiqlənməsindən sonra Azərbaycan yeni istiqamətlər üzrə fəal siyasət aparır və 2026-cı ildə xarici siyasətdə keyfiyyətcə yeni mərhələnin başlanacağı gözlənilir. Bu mərhələ əsasən üç istiqaməti əhatə edəcək.

Birinci istiqamət Qərblə münasibətlərdir. Buraya Avropa İttifaqı ilə yeni formatda əlaqələrin qurulması və sahəvi strateji əməkdaşlığın inkişafı, ABŞ-la Strateji Əməkdaşlıq Xartiyasının imzalanması, eləcə də Avropa İttifaqının aparıcı ölkələri ilə münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi daxildir.

İkinci istiqamət Mərkəzi Asiya və Şərq xəttidir. Bu istiqamətdə əməkdaşlığın daha da dərinləşməsi və genişlənməsi, Azərbaycanın iştirak etdiyi Mərkəzi Asiya altılığı formatı çərçivəsində yeni qərarların qəbul edilməsi gözlənilir.

Üçüncü istiqamət isə cənub xəttidir. Bu, Yaxın Şərq və Körfəz ölkələri ilə əlaqələri əhatə edir. Həmin istiqamətdə həm siyasi, həm də iqtisadi sahələrdə mühüm addımların atılması proqnozlaşdırılır.


Globalinfo.az

Seçilən
45
editor.az

1Mənbələr