Qahirə, 1 yanvar, AZƏRTAC
Ermənistanla Azərbaycan arasında normallaşma prosesi Cənubi Qafqazda sabitliyin yenidən yaranması üçün həlledici mərhələyə daxil olub. ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş sonuncu razılaşma tərəflərin keçmiş münaqişənin uzunmüddətli siyasi nizamlanmasına marağını göstərir. Lakin bu razılaşma hələ gediləsi yolun sonu deyil. Tam normallaşma üçün tərəflər arasındakı siyasi anlaşma aydın mexanizmlərlə reallığa tətbiq olunmalıdır.
Bunu Avrasiya Ərəb Araşdırmalar mərkəzinin (CAES) Türkiyə və İran araşdırmaları sektorunun müdiri Qada Qəndil AZƏRTAC-a müsahibəsində deyib.
Ekspert əlavə edib ki, kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması çoxtərəfli strateji əhəmiyyət daşıyır. Adı çəkilən dəhliz Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin bərpa edilməsi, eləcə də Avropa və Orta Asiya bazarlarının bir-biri ilə əlaqələndirilməsi, regional iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün mühümdür. Təhlükəsizlik baxımından bu dəhliz iqtisadi və siyasi təcrid nəticəsində yarana biləcək riskləri məhdudlaşdırır, sərhədləri əməkdaşlıq şəbəkəsinə çevirir. Beynəlxalq nəzarət mexanizmləri adı çəkilən dəhlizin təhlükəsizliyini, insanların və yüklərin hərəkətinin davamlılığını təmin edə bilər.
“Ermənistanla Azərbaycan əlaqələrinin normallaşdırılması iqtisadi cəhətdən də əhəmiyyətlidir və bu gələcək münaqişə ehtimallarını azaldır. Ticarət bağlantısı qarşılıqlı etimadı möhkəmləndirir, regional və beynəlxalq investisiyalar üçün cəlbediciliyi artır. Qarşılıqlı iqtisadi münasibətlər gərginliklərin azaldılması, eləcə də geniş regional inteqrasiya üçün əsas ola bilər”, - deyə Qada Qəndil əlavə edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə