İsveçrənin Vallis kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində onlarla insanın ölümü və yüzədək insanın yaralanması ilə nəticələnmiş partlayış və yanğın terror aktı deyil.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat hadisə ilə bağlı rəsmi qurumların keçirdiyi mətbuat konfransında elan edilib.
Vallis kantonunun Təhlükəsizlik departamentinin rəhbəri Ştefan Qanzer bildirib ki, hadisə yerinin ilkin müayinəsi terror aktını istisna edir, çünki Yeni il şənliyi keçirilən məkanda yanğın və onun səbəbləri ilə bağlı xeyli əlamətlər mövcuddur. O, eyni zamanda təhqiqatların davam etdiyini əsas göstərərək, yanğının səbəbləri ilə hansısa ehtimalların səsləndirilməsini qeyri-düzgün hesab edib.
Rəsmi qurumların təmsilçilərin hazırda hadisə qurbanlarının şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində iş aparıldığını diqqətə çatdırıblar.
Bildirilib ki, yanvarın 1-də səhər 1.30-da baş vermiş partlayış və yanğın nəticəsində "Le Constellation" barında onlarla insan həlak olub, yüzədək insan yaralanıb. Faciəvi hadisənin miqyasını nəzərə alaraq, dərhal Vallis kantonunda xüsusi vəziyyət elan olunub, əraziyə polis, yanğınsöndürən, mülki müdafiə və təcili tibbi yardım briqadaları cəlb edilib. Alp dağlarında yerləşən turizm mərkəzində 10 helikopter və 40 ambulans zərərçəkənlərin ətraf ərazilərdəki xəstəxanalara təxliyəsini həyata keçirib.
İsveçrə Prezidenti Gi Parmelin faciə qurbanlarının yaxınlarına başsağlığı verib və İsveçrə xalqına yanvarın 1-də nəzərdə tutulan bayram müraciətini faciə ilə əlaqədar təxirə salıb. (AZƏRTAC)