AZ

Ukraynada diaspor rəhbəri: Prezident İlham Əliyevin xalqa ənənəvi təbrik müraciəti qarşımızda yeni hədəflər yaradır

Kiyev, 1 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədər xalqa ənənəvi təbrik müraciəti diasporumuz qarşısında yeni hədəflər yaradır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin diqqəti və dəstəyi nəticəsində dünyada azərbaycanlıların diaspor hərəkatı genişlənib: “2026-cı ildə diasporumuz yeni mexanizmlə effektiv fəaliyyətini davam etdirəcək. Müharibə şəraitinə baxmayaraq, bu gün də Azərbaycanın diaspor fəalları ukraynalılarla çiyin-çiyinə dayanaraq, öz humanitar missiyalarını uğurla davam etdirirlər”.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətində xalqın birliyi dayanır. Diaspor fəallarımızın Ukraynanın çətin günündə bu günü qeyd etməsi xalqımızın birliyinin rəmzidir. Bu gün soydaşlarımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafında öz xidmətlərini davam etdirirlər”, - deyə diaspor rəhbəri əlavə edib.

Kəmaləddin Ağayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları birləşdirir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
112
azertag.az

1Mənbələr