AZ

Elçin Bayramov: Prezident İlham Əliyevin xalqa müraciəti soydaşlarımızda qürur hissi yaradır

Kişineu, 1 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti bir daha onu göstərdi ki, müzəffər Ali Baş Komandan üçün dünyada yaşayan bütün soydaşlarımızın taleyi olduqca qiymətlidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov söyləyib.

Diaspor rəhbəri bildirib ki, dünyada yaşayan soydaşlarımız arxasında güclü Azərbaycan dövlətinin dayandığını hər an hiss edir: “Moldovada olduğu kimi, dünyada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Prezidentimizin milli maraqların qorunmasına, ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ardıcıl xarici siyasəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır”.

Elçin Bayramov qeyd edib ki, 2026-cı ildə Azərbaycan diaspor təşkilatları dövlətimizin inkişafına öz töhfələrini verməkdə davam edəcək, müasir çağırışlara cavab verən fəaliyyət quracaq.

“Bu gün Azərbaycan ilə Moldova arasında əməkdaşlığın inkişafında diasporun da xüsusi rolu var. Moldovada yaşayan soydaşlarımız Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, praqmatik siyasətindən ruhlanaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər. 2026-cı ildə də Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyəti üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə Elçin Bayramov vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Seçilən
111
azertag.az

1Mənbələr