ABŞ prezidenti Donald Tramp Truth Social hesabından çox maraqlı paylaşım edib.
O, “New-York Post” qəzetinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum iddialarına dair məqaləsinin anonsu olan səhifəni paylaşıb. Qəzetin redaksiya məqaləsində Rusiyanın iddialarının sülh danışıqlarını nozmaq üçün ortaya atılmış uydurma olduğu bildirilir. Trampın paylaşdığı məqalə başlığında isə qeyd olunur ki, Putinin iqamətgahına hücumla bağlı açıqlamaları Rusiyanın sülhə əsas maneə olduğunun sübutudur.
Qeyd edək ki, Rusiya Ukraynanın guya Putinin Valdayda yerləşən iqamətgahına kütləvi dron hücumu təşkil etdiyi iddiası ilə çıxış edir. Bu barədə Putin özü Trampa məlumat verib, hücuma görə sülh danışıqlarında əldə olunan bəzi razılaşmalardan çəkiləcəyini, mövqeyini sərtləşdirəcəyini bildirib. Putinlə danışdıqdan sonra Tramp Ukraynanın bu addımı atmasının danışıqlara mənfi təsir edəcəyini deyib. Daha sonra ABŞ rəsmiləri iddiaların araşdırıldığını elan ediblər. Ukrayna prezidenti Vladimir Zelenski Putinin danışıqlardan yayınmaq üçün feyk xəbər yaydığını, onun iqamətgahına hücum olub-olmadığını Ukraynanın tərəfdaşlarının rahatlıqla müəyyən edə biləcəyini açıqlayıb.
Trampın paylaşımı göstərir ki, artıq ABŞ-da Putinin iddialarının yalan olduğuna dair dəqiq məlumat var.
Musavat.com