"Kelloq Trampın Ukrayna narrativinə açıq meydan oxuyur..."
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq administrasiya daxilində dərin daxili qarşıdurmanın mərkəzinə düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Münhendən Oval kabinetə uzanan gərginlik
Nəşr yazır ki, səbəb Vaşinqtonun Kiyevə münasibətdə hansı xətti seçməli olması ilə bağlı kəskin fikir ayrılığıdır. 14 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı zamanı Kelloq Avropa və Ukrayna liderləri ilə görüşüb. Görüşlərdə transatlantik tərəfdaşlığın gələcəyi ilə bağlı açıq narahatlıq ifadə olunub. Polşanın baş nazirinin müavini Radoslav Sikorski birbaşa sual verib: "Bizim hələ də alyansımız varmı?"
Kelloq müttəfiqləri sakitləşdirməyə çalışaraq, özünü Tramp administrasiyasında "sizin ən yaxşı dostunuz" kimi təqdim edib. Lakin Vaşinqtonda müdafiə naziri Pit Heqsetin tərəfdarları onu Ağ Evdəki təcridçilərinə qarşı "xətti qorumaqda" ittiham edib. Bu isə Kelloqun administrasiya daxilində autsayder kimi imicini daha da möhkəmləndirib.
Zelenski məsələsi və Trampın qəzəbi
Gərginliyi artıran əsas məqam "Fox News" kanalının reportajı olub. Reportajda Kelloqun Ukrayna prezidenti Vladimir Zelenskini "müharibə vəziyyətində olan bir millətin inadkar və cəsur lideri" kimi təqdim etməsi ilə Trampın onu daha əvvəl "seçkisiz diktator" adlandırması ilə müqayisə edilib.
Bundan sonra Oval kabinetdə keçirilən görüşdə Tramp nümayəndəsinin mövqeyinə sərt reaksiya verib: "Yəni siz Zelenskini cəsur adlandırırsınız?" - Tramp soruşub. Kelloq cavabında bildirib: "Bəli, cənab. Bu, onun xalqının mövcudluğu uğrunda mübarizədir.
Sonuncu dəfə ABŞ prezidenti nə vaxt belə bir vəziyyətlə üzləşmişdi? Abraham Linkolnun dövründə". Nəşrin mənbələrinin bildirdiyinə görə, Tramp bu epizodu digər müşavirlərə danışarkən Kellogu "sarsaq" adlandırıb.
Ukraynanın zəifliyi tezisinə etiraz
Buna baxmayaraq, Kelloq Trampın Ukraynanın zəifliyi və Rusiyanın məğlubedilməzliyi barədə əsas tezisini açıq şəkildə təkzib edib. Prezident Ukraynanın istənilən halda ərazi itirəcəyini təkrarladıqda, Kelloq onun sözünü kəsib: "Cənab, bu cəfəngiyatdır. Ruslar məğlubedilməz deyil".
Bu mövqeni ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Keyn də dəstəkləyib. O, bildirib ki, Rusiya qoşunları zəif və qeyri-peşəkardır. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, hətta Pokrovskun ələ keçirilməsi halında belə, Rusiyanın Donetsk vilayətinin həmin bölgəsini tam nəzarətə götürməsi üçün 30 aya qədər vaxt lazım ola bilərdi.
Sonrakı hesablamalar bu müddəti 20 aya, hətta daha az vaxta endirib. Bu material ABŞ daxilində Ukrayna siyasəti ətrafında gedən səssiz, lakin kəskin daxili savaşın miqyasını və Tramp administrasiyasında mövcud dərin ziddiyyətləri açıq şəkildə ortaya qoyur.