Yerli futbol federasiyasının qərarına əsasən klub ölkə kubokunda həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirəcək. Buna Təbrizin Səhənd stadionunda “Traktor”la “Persepolis” arasında keçirilən kubok matçında baş verən insidentlər səbəb olub. İnsidentlərin səbəbi də aydındı: zaman-zaman türklərin təhqir edilməsi təbrizli azarkeşləri özündən çıxarıb.
Hər halda, qərara əsasən, “Traktor” həm də 3 milyard tümən (təxminən 100 min manat) məbləğində cərimələnib. Həmçinin 12 nəfər lider azarkeşin 6 ay müddətinə stadiona girişinə qadağa qoyulub. Bundan əlavə, tərəfdarlar yeni mövsümdə ölkə kubokunda “Persepolis”ə qarşı keçiriləcək oyunda da stadiona buraxılmayacaq.
“Traktor”un prezidenti Məhəmmədrza Zunuzi türklərə qarşı təhqirlərə sərt reaksiya verib. O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq. Etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək.
Zunuzini dinləyin:
“Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti “Traktor”dan da önəmlidi”.
Qeyd olunanlarla bağlı millət vəkili Aqil Abbasun mövqeyini öyrəndik. Onun “Football-plus.az”a cavabı:“Traktor”un liqadan çəkiləcəyinə inanmıram. Mübarizə aparacaqlar. İrqi ayrı-seçkiliyin baş verdiyinə isə inanıram. İstəmirlər ki, Azərbaycan klubu çempion olsun, sonra da gedib Asiya Çempionlar Liqasında qələbələr qazansın. Stadionlarda hamı birağızdan “Azərbaycan!” deyir. Bu məsələlər onları narahat edir. Lakin biz bu yöndə nəsə edə bilmərik. Başverənlər İranın daxili məsələsidi. “Traktor”u yalnız yazılarımızla dəstəkləyə bilərik. Bununla yanaşı, FİFA-ya müraciət etmək olar. Yəqin ki, klub tezliklə bu yola əl atacaq”.
Xatırladaq ki, İran kubokunun 1/16 final mərhələsinidə keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penalti seriyasında 9:8 hesabıyla qalib gələn Təbriz təmsilçisi növbəti mərhələyə yüksəlib.KƏNAN BAHADIR