AZ

Sülh, əmin-amanlıq, firavanlıq... - Fərqli müsahiblər, ortaq arzular - REPORTAJ

Bakı, 31 dekabr, Göyçək Mahmudlu, Nicat Haşımov, İlham Nadirov, AZƏRTAC

Sayılı saatlar sonra acılı-şirinli, sevincli-kədərli, əlamətdar və qürurverici hadisələrlə yadda qalan 2025-ci ili geridə qoyacağıq. Planetin dörd bir yanında 2026-cı ilin gəlişi böyük səbirsizlik, sevinc və həyəcanla gözlənilir. İlin son saatları paytaxt küçələrinə xüsusi bir ruh gətirib. Havanın soyuq olmasına baxmayaraq, şəhərdə əsl bayram ab-havası hökm sürür. Gəlin, paytaxt sakinləri və şəhərimizin qonaqlarının 2026-cı ildən gözləntiləri və xalqımız, dünyamız üçün ən xoş arzularını onların öz dilindən eşidək.

Şəhər sakini Famil Məmişov 2025-ci ilin onun üçün çox yaxşı keçdiyini, 2026-cı ildən gözləntilərinin çox olduğunu deyib: "2026-cı ildən xalqımıza sağlam ömür, ruzi-bərəkət, bolluq, əmin-amanlıq arzulayıram. Müharibə olmasın, sülh şəraitində yaşayaq, bol ruzi-bərəkətli il olsun, xalqımız sağlam yaşasın".

Tarix müəllimi Kamran Aslanov üçün də bu il çox yaxşı hadisələrlə yadda qalıb. O, gələn ildən daha böyük uğur və nailiyyətlər gözlədiyini bildirib, özünə ailəsi, doğmaları ilə birgə xoşbəxt həyat arzulayıb.

"Xalqımızı təbrik edirəm. Azərbaycan xalqına uzun ömür can sağlığı, xoş günlər, sülh, əmin-amanlıq arzulayıram. Biz güclü, qüdrətli bir xalqıq. Hər zaman sülh içində xoşbəxt yaşayacağımıza inanıram. Yeni il hər kəsə uğurlu gəlsin".

İbtidai sinif müəllimi Nərmin Gülalıyeva isə 2025-ci ildə müqəddəs sənət yolunda ilk addımlarını atdığını, yəni müəllim kimi fəaliyyətə başladığını diqqətə çatdırıb: " Doğrudur, bu il uğursuzluqlar da oldu, lakin nailiyyətlər də çoxdur. Arzularımın təməlini qoydum, müəllim kimi fəaliyyət başladım. 2026-cı ilə dair planlarım var. Peşəmlə bağlı kurs açmağı planlaşdırıram və 2026-cı ildə buna nail olacağına inanıram. Onu demək istəyirəm ki, uğursuzluqlar həyatımızda hər zaman ola bilər. Heç vaxt ümidimizi itirməyək, uğurlara doğru addımlamağa davam edək. Çünki hər işdə bir xeyir var. Usanmadan məqsədimiz naminə çalışsaq, biz də zamanla həmin xeyirə çata biləcəyik. Ümumilikdə isə hər kəsə düşərli və gözəl il arzulayıram".

Lənkərandan bayramı paytaxtda keçirməyə gələn Müşgünaz Hacıyeva 2025-ci ilin çox gözəl xatirələrlə yaddaşına yazıldığını deyib. O, bu il peşə liseyindən laborant-mikrobioloq kimi məzun olduğunu vurğulayıb: "Məzun olduqdan sonra özüm üçün yeni işlər, yeni layihələr hazırladım. 2026-cı ildə onları həyata keçirəcəyəm. Hər kəsin Yeni ilini təbrik edirəm. Allah ölkəmizə sülh, əmin-amanlıq nəsib etsin, bərəkətli il olsun. Xalqıma da xoş günlər arzulayıram. Azərbaycan xalqı hər zaman sülh içində yaşasın".

Yeni ili Bakıda keçirmək üçün Qazaxdan paytaxtımıza üz tutan Fəridə Rüzgari 2025-ci ildə həm müəllim kimi, həm də şəxsi həyatında kifayət qədər uğur qazandığını bildirib. O, arzularının çox olduğunu, onların reallaşmasını səbirsizliklə gözlədiyini bildirib.

Müsahibimiz xalqımıza səmimi diləklərini də çatdırıb: "Xalqımıza firavanlıq, əmin-amanlıq, sülh içində yaşamağı arzulayıram. Qardaşım başda olmaqla Allah bütün hərbçilərimizi, əsgərlərimizi qorusun. Hər biri öz ailələrinə sağ-salamat qovuşsun".

Göründüyü kimi, hər kəs qarşıdakı ilə nikbin düşüncələrlə yanaşır. Gözləntilər, arzular isə ortaqdır: sülh, əmin-amanlıq, firavanlıq...

Hər sonluq, həm də bir başlanğıcdır. Qoy 2026-ci il həsrət, hicran, kədər, uğursuzluq, ayrılıq kimi xoş olmayan nə varsa onların sonu, vüsal, sevinc, uğur, bol ruzi, xoşbəxtlik kimi insanı yaşamağa ruhlandıran məfhumların başlanğıcı olsun. Xeyirli-uğurlu, düşərli il olması diləyi ilə bayramımız mübarək!

Seçilən
84
1
azertag.az

2Mənbələr