Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin son davranışı bir daha göstərdi ki, bəzi məmurlar hələ də tutduqları vəzifənin mahiyyətini düzgün dərk etmirlər. Dövlət binasında müğənninin nümayişkaranə şəkildə qəbul edilməsi nə protokola uyğundur, nə də idarəçilik məntiqinə.
Bu qəbul “sadə görüş” kimi təqdim oluna bilməz. Çünki söhbət şəxsi məkandan yox, dövlət idarəsindən gedir. Dövlət idarəsi isə şəxsi simpatiyaların, populyarlıq yarışının və ya görüntü xatirinə atılan addımların yeri deyil. Rafiq Quliyev bu addımı ilə vəzifə səlahiyyətlərini şou elementinə çevirmiş oldu.
“Yeni Sabah” bildirir ki, Xətai rayonunda illərlə həllini gözləyən problemlər mövcuddur. Kommunal çatışmazlıqlar, sosial narazılıqlar, qəbuluna düşə bilməyən vətəndaşlar, qapılarda süründürülən şəhid ailələri və qazilər var. Amma rayon rəhbərinin diqqəti bu problemlərə yox, kameralar qarşısında görünməyə yönəlib.
Burada əsas məsələ Röya deyil. Problem ondan ibarətdir ki, Rafiq Quliyev icra başçısı kimi hansı kateqoriyanı prioritet saydığını açıq şəkildə nümayiş etdirdi. Tanınmış şəxs - dərhal qəbul. Sadə vətəndaş - növbə, gözləmə, bəzən isə tam biganəlik.
Bu davranış dövlət-vətəndaş münasibətlərinə birbaşa zərbədir. İcra başçısı anlamalıdır ki, onun hərəkətləri şəxsi deyil, institusional məsuliyyət daşıyır. Dövlət məmuru statusunu sosial şəbəkə görüntüləri üçün istifadə etmək səlahiyyətlərin aşılmasıdır.
Rafiq Quliyev bu addımı ilə cəmiyyətə yanlış mesaj verdi: bu rayonda diqqət və hörmət problemə görə yox, tanınmışlığa görə ölçülür. Bu isə idarəçilik deyil, imitasiyadır.
Dövlət idarəsi səhnə deyil. İcra başçısı prodüser də deyil, PR meneceri də. Onun işi şou yaratmaq yox, məsuliyyət daşımaqdır. Bu məsuliyyət unudulduğu an, tutulan vəzifənin mənası da itir.
Xətai rayonunun icra başçısı bilməlidir: ictimai etimad bir fotoyla qazanılmır, amma bir yanlış qərarla çox asanlıqla itirilir.
Telegram kanalımız