AZ

Şahin Bayramov: Həmrəyliyimiz qələbəmizi təmin etdi, bu gün inkişafımızın, sabah isə davamlı tərəqqimizin əsas zəmanətlərindəndir

Xankəndi, 31 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün – 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birlik və mənəvi bütövlüyünün rəmzi olan əlamətdar bir tarixdir. Bu günün rəsmiləşdirilməsi, milli ideologiyamızda xüsusi yer tutması Ümummilli Lider Heydər Əliyevin adı və misilsiz xidmətləri ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsi dövlətçilik tariximizin mühüm dayaqlarından birinə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor deyib: “Bu milli birlik və həmrəylik ruhu özünün ən yüksək və parlaq təzahürünü müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və peşəkarlığı sayəsində qazanılan tarixi Zəfərdə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində formalaşan Xalq–Ordu–Lider birliyi xalqımızın sarsılmaz iradəsini və milli həmrəyliyini bütün dünyaya göstərdi. Məhz bu möhkəm birliyin təcəssümü olaraq “Dəmir yumruq” anlayışı Qələbəmizin, gücümüzün və milli həmrəyliyimizin rəmzi kimi tarixə düşdü, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin əsasını formalaşdırdı”.

Ş.Bayramov bildirib ki, işğaldan azad edilmiş doğma Qarabağ torpaqlarında bu gün bərpa və quruculuq işləri sürətlə və ardıcıl şəkildə davam edir. Böyük Qayıdış strategiyası çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr regionun sosial-iqtisadi, mədəni və elmi potensialını yenidən dirçəldir. Tarixi Zəfərin mühüm nəticələrindən biri kimi, dövlətimizin başçısı tərəfindən Qarabağ Universitetinin yaradılması bu torpaqlarda bilik, elm və innovasiyaya əsaslanan gələcəyin bünövrəsinin qoyulmasının bariz nümunəsidir.

Hazırda inkişaf etməkdə olan Qarabağ Universitetində sağlam akademik mühitin, qarşılıqlı hörmətə və həmrəylik ruhuna əsaslanan institusional mədəniyyətin formalaşması universitetimizin potensialını daha da gücləndirir, qarşıya qoyulan strateji hədəflərə çatmaq yolunda mühüm töhfələr verir. Universitetimiz Qarabağın dirçəlişinə xidmət edən elm, təhsil və insan kapitalı mərkəzi kimi formalaşmaqdadır.

“31 dekabr, eyni zamanda, 2025-ci ilin son təqvim günüdür. Dövlətimiz tərəfindən göstərilən hərtərəfli dəstək sayəsində 2025-ci il Qarabağ Universiteti üçün əlamətdar hadisələr, uğurlu akademik və sosial fəaliyyətlər ilə yadda qaldı. Qazanılan nailiyyətlər gələcəyə daha inamla baxmağımıza əsas yaradır. 2026-cı ilə isə yeni gözləntilər və daha iddialı hədəflərlə qədəm qoyuruq.

Qarabağ Universiteti ailəsi olaraq, yeni ildə xalqımıza firavanlıq, sülh və tərəqqi arzulayır, həmrəyliyimizin daha da güclənməsini, uğurlarımızın davamlı olmasını diləyirik. İnanırıq ki, milli birlik ruhu ilə daha böyük zirvələr fəth edəcək, Qarabağın və bütövlükdə Azərbaycanın inkişafına layiqli töhfələr verməyə davam edəcəyik. Həmrəyliyimiz dünən qələbəmizi təmin etdi, bu gün inkişafımızın, sabah isə davamlı tərəqqimizin əsas zəmanətlərindəndir” – deyə Şahin Bayramov bildirib.

Seçilən
113
azertag.az

1Mənbələr