AZ

Keçmişin bayramları: AzTV-nin pəncərəsindəki Yeni İl...

Uzun illərdir bizim qarlı-boranlı Yeni il axşamlarımızı soyuq, bulanlıq və bozumtul bir hava əvəz edir. Balaca olanda elə bilirdim ki, hər Yeni ildə mütləq qar yağmalıdır, yoxsa bayram olmayacaq. İlk dəfə Yeni ili qarsız qeyd edəndə çox kədərlənmişdim. Deyəsən, elə o vaxtdan bu yana bayram bizi qarsız qarşılayır…

Bayram hazırlığına anam həmişə dekabrın 30-dan başlayırdı. Axşamdan hər şey öz qaydasında olardı ki, səhərə bir iş qalmasın. Səhər açılanda isə ilk gördüyü iş evi təmizləmək və xalçanın üzərinə qar səpib otağı süpürmək olurdu. Dediyinə görə qar tozu öldürər, həm də otağın havasını təmizləyərdi. Qapı açıq olduğu üçün odun peçinin yanında qısılıb anamın işini bitirməsini gözləyərdik. İş bitib, qapı örtüləndə isə otaq yavaş-yavaş qızmağa başlayardı.

Bayram gününün ənənəvi yeməyi isə balqabaqlı plov idi. Təbii ki, o da hazır olanda nənəm üçün aparmaq da mənim əsas vəzifələrimdən sayılırdı. Nənəm isə Yeni ildə də Novruz bayramı kimi bütün nəvələrinə yumurta boyayırdı. O da daha yumurtaları bəzəmir…

Bizim evdə quraşdırdığımız yolkalarımız da təbii şam ağacından olurdu. Nənəmgilin həyətinin qabağında gözümə ucsuz-bucaqsız görünən şam ağacı var idi. Bütün qohumlar hər bayramda ondan 1 qanad qopardıb evində yolka əvəzi bəzəyirdi. Oyuncaqlarımız isə elə şamın öz qozaları idi. Atam hər bayramda ondan gətirib televizorun üstünə qoyardı. İndi heç o ağac da yoxdur…

Sonra 8 yaşım olanda biz də ilk dəfə süni yolka aldıq. O qədər sevinmişdik ki. O sevinc hissini indi təsvir etməyə cümlə tapa bilmirəm. Qiyməti belə indiyə qədər yadımdadır. Daha bizim də böyük yolkamız var idi. Lakin il-ili əvəzlədikcə yolkamız da kiçilib lap balaca bir şey oldu. Bəlkə heç əvvəldən də elə balaca idi, sadəcə biz gözümüzdə böyüdürdük. Sonra köhnə evi sökəndə evin zirzəmisindən tapdıq və bütün xatirələrimiz kimi onu da yandırdıq. Bəlkə də lazımsız əşya kimi oraya atanda o da bizdən incimişdi. İndi bütün evləri, küçələri, restoranları, bir sözlə - hər yeri süni yolkalar bəzəyir…

Yadımdadır bir dəfə bayram günün atam meşədən odun gətirmişdi. Qarlı havada onu doğrayıb bizi də cərgələrə yığmaq üçün həyətə çağırdı. Biz də əlcək əvəzi əlimizə corab taxıb odunu daşımağa başladıq. Deyəsən heç uşaqlıqda əlcəyimiz də olmayıb. Bəlkə də ona görədir indi nə qədər soyuq olsa da, əlcək taxa bilməməyim.

Qardaşımın isə ürəyi yol vermirdi bizim soyuqda odun daşımağımıza. Bir az daşıdıqdan sonra deyirdi “siz evə gedin, qalanını mən yığacam”.

Hava o qədər şaxta olurdu ki, ipə sərdiyimiz paltarlar da buz tuturdu. Biz də uşaq ağlımızla onlara baxıb əylənirdik. Qurutmaq lazım olanda isə odun peçimizin yanında divara söykənmiş dəmirin üstünə qoyurduq. Kəndə o vaxtı hamının evində peçin yanında sarı, üstündə ana-bala şəkli olan dəmirlər olurdu. Sonra kəndə qaz çəkildi, o dəmirlər də yavaş-yavaş yox oldu. İndi isə onların yerini İran peçləri və kombi sistemləri tutub…

Evimizin o vaxtlar 1 otağı var idi. Divarda qırmızı xalça, asılırdı. Anam qışda döşəmələri nöyütlə silirdi ki, taxtalar çürüməsin. Elə olanda günlərlə qapıları açıq saxlayırdıq ki, həmin qoxu evdən getsin. Əsasən bu da bayramdan bir neçə gün öncə edilirdi. O kəskin qoxunu da sonra heç yerdə hiss etməmişəm…

Peçi yandırmaq üçün isə qara torf kağızı dediyimiz parçaya bənzər şeylər var idi. Onu odunların altına qoyub yandıranda, odun da tez alışırdı və evi isidirdi. Deyəsən evlərin o istiliyi də daha qalmayıb…

Nəysə çox uzatmayım, amma deyəsən heç uşaq olanda Şaxta Babanın varlığından belə xəbərsiz olmuşam. Heç kəs bizə onun haqqında heç nə danışmayıblar. Deyəsən, tək bayram hədiyyələrimiz də nənəmizin boyadığı yumurtalar olub…

Ən əsası isə bir ənənə olaraq hər il Yeni ili AzTV-də Zeynəb Xanlarovanın konserti ilə qarşılayırdıq. Bu bizim evin əsas ənənəsi idi. O vaxtlar televizorlar antena ilə işləyirdi. Onu fırladığın istiqamətə görə kanalları müəyyən edə bilirdin. Yəni bayram günün nə olursa, olsun o antenanın istiqaməti mütləq AzTV-yə tərəf olmalı idi.

Süfrə bəzənəndə isə çox sevinirdik. Atam bayram olanda, mövsümə uyğun bütün meyvələrdən alıb gətirirdi. Onda mandalim, portağal çox dadlı idi. İndi heç onların da həminki dadı yoxdur. Hər şey hazır olandan sonra oturub bizə kiminsə gələcəyini gözləyirdik. Qar, boran olsa da, adamlar biri-birinə qonaq gedirdi. Bayramı bir yerdə qeyd edirdilər. Mən isə həmişə isti peçin yanında yatıb qalırdım. Saat 12-də yatmış olsaq, anam bizi oyadıb atəşfəşanlığa baxmaq üçün həyətə çıxarırdı. O da ancaq 2-3 evdə fişəng atılırdı. Onu da öncədən bilirdik ki, hansı qonşu fişəng atacaq… Beləcə hamı biri-biri ilə bayramlaşıb, yatmağa gedirdi…

O günlər beynimizdə xatirə kimi qalsa da, çox ağır idi, lakin xırda şeylər belə bizi xoşbəxt edə bilirdi. Kənddə işıqlar tez-tez sönürdü, qar yağanda isə bu günlərlə təkrarlanırdı. Anam lampa işığında oturub, bizə kitab oxuyurdu. Maraqlı əhvalatlar və öz uşaqlığından danışırdı. Bəzən isə söz oyunları oynadıb başımızı qatırdı.

İndi isə əziz Şaxta baba, sənin varlığına inanaraq keçən il arzu etdikləriminin bir hissəsini reallaşdırdım. Bu il isə özümə yeni uğurlar, xoşbəxtlik və sağlam həyat arzu edirəm. Elə sizlərə də. Bayramınız mübarək.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
90
yenisabah.az

1Mənbələr