1989-cu ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalqının iradəsi ilə SSRİ və İran arasındakı sərhəd maneələrinin sökülməsi, yüzillər boyu xalqımızın ayrılıq simvoluna çevrilmiş tikanlı çəpərlərin dağıdılması müasir tariximizin pozulmaz səhifəsinə, milli yaddaşımızın şanlı hadisəsinə çevrildi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. İndi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd etdiyimiz bu tarix dövlət müstəqilliyimizin başlanğıcının ən parlaq hadisələrindən biri kimi əlamətdardır.
Bizi şanlı Zəfərə qovuşduran həmrəyliyimiz və birliyimiz həyatın bütün sahələrində önümüzdə geniş üfüqlər açır, bizə yeni-yeni uğurların yolunu göstərir.
Hamınızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, 2026-cı ilin xalqımız və dövlətimiz üçün yeni uğurlar ili olmasını arzulayırıq!