Bu gün xalqımız Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir. Xalqımızın Ulu Öndəri Heydər
Əliyevin təşəbbüsü ilə 34 il əvvəl, 1991-ci ilin dekabrında təsis olunan Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü mühüm siyasi hadisə olmaqla, dünya azərbaycanlılarının
milli birliyinin güclənməsinə təkan vermişdir.
Hansı vəzifədə
çalışmasından asılı olmayaraq, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində
hər zaman diqqət yetirdiyi əsas məsələlər Azərbaycanın yüksəlişi, xalqımızın
rifahının gücləndirilməsi və hər bir sahədə milli maraqlarımızın qorunması olmuşdur. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi
ilə keçirilən iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının
Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərarın qəbul olunması Ulu Öndərin
bu istiqamətdəki tarixi xidmətlərindən biridir.
Dünya
azərbaycanlılarının həmrəyliyi və onların təşkilatlanması prosesini daim diqqət
mərkəzində saxlayan Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə
başladıqdan sonra diasporla iş sahəsində mütərəqqi dövlət siyasətinin əsasını
qoymuşdur. Ulu Öndər xarici dövlətlərə
səfərləri zamanı proqramının zənginliyinə rəğmən həmin ölkələrdə yaşayan,
fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də vaxt ayırmış, onların daha
sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Təsadüfi deyil ki, Dünya
Azərbaycanlılarının I Qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə
keçirilmişdir. 2001-ci ilin noyabr ayında Bakıda keçirilən bu qurultay müxtəlif
ölkələrdəki azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına
əhəmiyyətli dərəcədə təsir göstərmişdir. I qurultaydan sonra Ümummilli Lider
Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla
əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il
dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında” qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyinin və
təşkilatlanması prosesini daha da gücləndirmişdir.
Ulu Öndər Heydər Əliyev
həmrəylik gününü təsis etməklə, obyektiv və subyektiv səbəblərdən dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli birliyinin güclənməsinə,
onların təşkilatlanmasının sürətlənməsinə və eləcə də, ideoloji həmrəyliyinin formalaşmasına müvəffəq
olmuşdur. Ümummilli Liderin bu sahədə müəyyən etdiyi siyasi kurs cənab
Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. Dövlətimizin
başçısı diasporla iş sahəsini xüsusi diqqət mərkəzində saxlayaraq, bu məsələdə məqsədyönlü fəaliyyətin istiqamətlərini müəyyən etmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilən
Dünya Azərbaycanlılarının II Qurultayı xaricdə yaşayan azərbaycanlıların
diaspor təşkilatlarının güclü lobbi
şəbəkəsinə çevrilməsi istiqamətində yeni addım olmuş,
ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində
əhəmiyyətli rol oynamışdır. Prezident İlham Əliyevin sərəncamı ilə Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması isə bir daha göstərmişdir ki,
diasporla iş sahəsi xüsusi diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin
sərəncamları ilə 2011 və 2016-cı illərdə dünya azərbaycanlılarının
III və IV qurultayları keçirilmişdir. Bu
qurultayların hər biri görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, çağdaş
dövrün yeni çağırışlarından irəli gələrək qarşıdakı vəzifələrin müəyyən edilməsi
baxımından mühüm rol oynamışdır. O cümlədən, hər bir qurultay xarici ölkələrdə
yaşayan azərbaycanlıların milli həmrəyliyinin və təşkilatlanmasının daha da
güclənməsində mühüm rol oynamışdır.
2020-ci ilin Vətən
müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə dünya
azərbaycanlılarının milli birliyinin təntənəsinə çevrilmişdir. Məlum olduğu
kimi Vətən müharibəsi günlərində dünyanın müxtəlif dövlətlərində yaşayan
soydaşlarımız tarixi vətənləri Azərbaycanla həmrəylik nümayiş etdirmiş, həyata
keçirdikləri müxtəlif tədbirlərlə respublikamızın haqq səsinin beynəlxalq
ictimaiyyətə çatdırılması, erməni yalanlarının qarşısının alınması üçün
əllərindən gələni etmişlər.
2022-ci il aprelin
22-də isə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər
Qurultayı keçirilmişdir. Bu qurultay əvvəlkilərdən əhəmiyyətli dərəcədə
fərqlənirdi. Çünki ilk dəfə olaraq bu qurultay işğaldan azad olunmuş Qarabağda
keçirildi. Bu dəfə hər bir azərbaycanlı qurultaya qalib xalqın nümayəndəsi kimi
qatıldı. Və bu qurultay xalqımızın zəfərini dünyaya bəyan etdi.
Bu gün də xarici
ölkələrdə yaşayan hər bir azərbaycanlının əsas mənəvi vəzifəsi Azərbaycan
həqiqətlərini dünyaya tanıtdırmaq, xalqımızın zəfərini təbliğ etməkdir.
Prezident İlham Əliyev Zəfər qurultayında bununla bağlı deyib: «Bizim xaricdə
yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini
yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni,
bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti
ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin
çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim
dövlətimizi daha da gücləndirir».
Əminik ki, xarici
ölkələrdə yaşayan hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin bu
tövsiyəsini hər zaman öz fəaliyyətlərində rəhbər tutacaqlar. Çünki qüdrətli Azərbaycan həm də
dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ən böyük dayağıdır.
Güclü, qalib və nüfuzlu Azərbaycan dovləti hər bir azərbaycanlının qürur mənbəyidir. Dünya azərbaycanlılarının milli həmrəyliyi isə güclü və
sarsılmazdır.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı