AZ

''Benfika'' xal itirdi, Mourinyo ''qazandıq'' dedi

''Qarabağ''a məğlubiyyətdən sonra Bruno Laje ilə yollarını ayıran və Joze Mourinyo ilə anlaşan ''Benfika''nın mövsümü uğurlu keçirdiyini söyləmək çətindi.

"Football-plus.az" xəbər verir ki, Lissabon nəhəngi son olaraq ''Braqa'' ilə qarşılaşmada 2:2 bərabərə qalaraq yenə önəmli xallar itirdi. Adətən komandası büdrədikdən sonra oyunsonrası mətbuat konfransında maraqlı açıqlamalar verən və özündən başqa hər kəsi günahlandıran ünlü mütəxəssis yenə ənənəsinə sadiq qaldı. Türkiyədə işlədiyi dönəmdə də tez-tez hakimlərdən şikayətlənməsi ilə diqqət çəkən Mourinyo bu dəfə bir qədər də irəli getdi.

''Benfika''nın 78-ci dəqiqədə vurduğu qol hakimlərin uzun müzakirələrindən sonra qeydə alınmadı. Mourinyo isə yekun nəticə ilə barışmayaraq komandasının 3:2 qalib gəldiyini bildirdi:
''İkinci hissədə meydanda yalnız bir komanda - ''Benfika'' var idi. Oyunçular məsuliyyəti dərk edərək matçı çevirməyi bacardılar. Burda 3:2 qalib gəldik. 3-cü qolumuzun təkrarını ehtiyat skamyada izlədim. VAR monitorunda da izlədim. Heç bir qayda pozuntusu yoxdu. Bu, böyük bir zəfərdi. Qazandıq, qazandıq və yenə də qazandıq''.

Mourinyonun qəribə açıqlamalarına baxmayaraq təbii ki, ''qartallar''ın aktivinə yalnız 1 xal yazıldı. 36 xalı olan ''Benfika'' lider ''Portu''dan (46) 10 xal geri düşdü.

Qeyd edək ki, ''Benfika'' Mourinyo ilə 12 çempionat oyunundan 7 qələbə, 5 heç-heçə ilə ayrılaraq 10 xal itirib.
Seçilən
76
football-plus.az

1Mənbələr