"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünən, 29 dekabr tarixində bizim Azərbaycan səfirliyində qeyd olundu. Biz hamımız ora getdik. Səfirimiz də tədbirdə çıxış edərək Azərbaycanın planları haqqında danışdı, burada təmsil olunan azərbaycanlıların rolunu vurğuladı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Hollandiyada yaşayan azərbaycanlı, Azərbaycan mədəniyyətinin təmsilcisi Bəxtiyar Eybalıyev yaşadığı ölkədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün necə qeyd olunmasından danışarkən bildirdi.
"Tədbirdə Azərbaycan musiqiləri səsləndi, hamı burada bir araya gəldi. Tanış olmayanlar, yeni gələnlər bir-biri ilə tanış oldular. Burada Həmrəylik Günü keçiriləndə adətən türklər və cənubi azərbaycanlılar da həmişə yanımızda olurlar, tədbirləri hamılıqla qeyd edirik. Bəzən tədbirlərə hollandlar da qoşulur. Amma bu dəfə Yeni il ərəfəsi olduğuna görə onların da bayram günləri idi. Burada 25–26 dekabr xristianların, yəni hollandların bayramı sayılır. Ona görə də bir çoxu tətilə gedir. Bayram bitəndən sonra da uşaqlar tətildə olduğu üçün ailələr qış mövsümündə xizək sürməyə və istirahətə gedirlər. Bu səbəbdən bu dövrdə holland qonaqlar çox olmur, amma yenə də bir-iki nəfər iştirak edir. Tədbirdə səmimi söhbətlər oldu, hamı birlikdə yemək yedi, bir-biri ilə yaxından tanış oldu, şəkillər çəkdirdilər, musiqiyə qulaq asdılar. Çox gözəl bir axşam keçdi", - o dedi.
Müsahibimiz qeyd etdi ki, sabah, yəni ayın 31-də isə burada “Bakı Ketrinq” (Baku Catering) tərəfindən daha bir tədbir keçiriləcək:
"“Bakı Ketrinq”in təşkilatçısı Almaz xanım Azərbaycandan bizim tanınmış sənətkarlarımızı dəvət edib. Mətanət İsgəndərli və Zakir Əliyev bura gələcəklər. Tədbir bir restoranda keçiriləcək və Həmrəylik Gününə həsr olunacaq. Tədbirə azərbaycanlılar, türklər və ümumiyyətlə iştirak etmək istəyən hər kəs gələ bilər. Təxminən 200-300 nəfərin bir araya gəlməsi gözlənilir. Azərbaycan mətbəxinin gözəl yeməkləri təqdim olunacaq, canlı Azərbaycan musiqisi səslənəcək və tədbir bu şəkildə davam edəcək. Yəni burada Həmrəylik Günü belə qeyd olunur.
Məsələn, dünən səfirliyimizdə bayram keçirilirdi. Mən işdən bir saat icazə almışdım ki, tez çıxım. İş yoldaşlarım soruşdular ki, hara gedirsən. Dedim filan yerə gedirəm. Mən hollandlarla işləyirəm və onlar sual verirlər ki, bu bayram sizdə necə keçirilir, Həmrəylik Günü nədir, nə qədər adam iştirak edir. Sən də istər-istəməz bu suallara cavab verirsən. Beləliklə, bu cür söhbətlər vasitəsilə hollandlara da Azərbaycan və Həmrəylik Günü haqqında məlumatlar çatdırılır. Bir də məktəblərdə və institutlarda tez-tez belə hallar olur. Azərbaycanlı qızlara və oğlanlara deyilir ki, mədəniyyət mövzusunda bir mövzu seçsinlər. Onlar da Azərbaycan mədəniyyəti haqqında danışırlar, məsələn, Azərbaycan Demokratik Respublikası barədə məlumat verirlər. Bəziləri isə Həmrəylik Günü haqqında çıxış edir. Sinifdə və ya auditoriyada oturan bütün tələbələr onlara qulaq asır. Sonra həmin uşaqlar evdə analarına, ailələrinə danışırlar. Beləliklə, biz burada öz mədəniyyətimizi yaymış oluruq".
B.Eybalıyevin sözlərinə görə, Həmrəylik Gününün bariz nümunələrindən biri də müharibə dövrü ilə bağlıdır:
"O vaxt burada erməni diasporu çox güclü idi və bizə qarşı aksiyalar keçirirdilər. Biz də səfirliyimizdə yığışırdıq, bütün millətimiz bir yerə toplaşırdı və onlara qarşı aksiyalar təşkil edirdik. Həmin aksiyalar zamanı bizim birliyimiz daha da möhkəmləndi, daha da güclü oldu. Müharibə vaxtı səfirlikdə diasporumuzla birlikdə musiqiçilərin, mədəniyyət işçilərinin, hamının bir olması bizi hər yerdə qələbəyə ruhlandırdı. Qələbə də qazandıq, torpaqlarımız geri qayıtdı. Bax, bunların hamısı birliyin bariz nümunəsidir. Belə götürəndə, Həmrəylik Günü məhz bunu göstərir".
Xədicə BAXIŞLI