AZ

Sahibkarlıq yalnız qazanc deyil, məsuliyyətdir

Müasir Azərbaycan cəmiyyətində sahibkarlıq anlayışı artıq təkcə biznes fəaliyyəti və maddi qazanc çərçivəsində dəyərləndirilmir. Bu gün sahibkar cəmiyyətin sosial, mənəvi və intellektual həyatında mühüm rol oynayan, ictimai fikrə təsir göstərən, milli dəyərlərin qorunmasında və gələcək nəsillərin formalaşmasında məsuliyyət daşıyan bir şəxsiyyət kimi qəbul olunur. Sahibkarın fəaliyyəti artıq ictimai davranış modeli kimi qiymətləndirilir. Məhz bu baxımdan iş adamı, “Moon Group Poliqrafiya & Promo” şirkətinin qurucusu, “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA)”nın sədr müavini Ruslan Quliyevin həyat yolu və fəaliyyət prinsipləri müasir sahibkar modelinin bariz nümunəsi kimi diqqət çəkir.

Ruslan Quliyev 14 mart 1986-cı ildə Azərbaycan ziyalı ailəsində dünyaya göz açıb. Onun bir şəxsiyyət kimi formalaşmasında ailə mühiti, xüsusilə atası Aslan Quliyevin rolu danılmazdır. Aslan Quliyev Azərbaycan ədəbiyyatında tanınan yazıçılardandır. Onun bədii və publisistik yaradıcılığı milli-mənəvi dəyərlərin təbliği, insan talelərinin bədii təhlili və ictimai düşüncənin formalaşması baxımından ədəbiyyatımıza sanballı töhfələr verib. Belə bir mühitdə böyüyən Ruslan Quliyev uşaqlıqdan kitaba, elmə, zəhmətə və məsuliyyətə hörmət ruhunda tərbiyə alıb, formalaşan dünyagörüşü isə sonradan onun həyat və biznes fəlsəfəsinə birbaşa təsir göstərib.

Ruslan Quliyevin əsli Yardımlı rayonunun Bilnə kəndindəndir. Kənd həyatının sadəliyi, zəhmətkeşliyi və torpağa bağlılığı onun xarakterində dərin iz buraxıb. O, bu gün də haradan gəldiyini unutmur, köklərinə bağlı qalaraq əldə etdiyi uğurları şəxsi nailiyyətlə bərabər, zəhmətin və ardıcıllığın nəticəsi kimi dəyərləndirir. Bu mənsubiyyət hissi onun həm insan kimi davranışında, həm də sahibkarlıq fəlsəfəsində özünü açıq şəkildə göstərir, təvazökarlıq və sosial məsuliyyət hissini daha da gücləndirir.

Orta məktəbi əla qiymətlərlə bitirən Ruslan Quliyev Azərbaycan İnşaat və Memarlıq Universitetində ali təhsil alıb. Tələbəlik illərindən işləməyə başlaması onun həyat yolunda  mühüm dönüş nöqtəsi olub. O, nəzəri biliklə praktik təcrübəni paralel aparmağın vacibliyini erkən yaşlarından dərk edib və bu yanaşma sonrakı illərdə onun sahibkarlıq fəaliyyətinin əsas dayaqlarından birinə çevrilib. Bu mərhələ onun əmək intizamını və peşəkar məsuliyyətini daha da möhkəmləndirib.

2008-ci ildə Ruslan Quliyev öz zəhməti və təşəbbüskarlığı hesabına “Moon Group Poliqrafiya & Promo” şirkətini yaradıb. Bu addım təkcə yeni bir biznesin başlanğıcı deyil, həm də uzunmüddətli və sistemli fəaliyyətin əsasının qoyulması idi. “Moon Group” qısa müddət ərzində poliqrafiya və promo sahəsində peşəkarlığı, keyfiyyətli işi və yenilikçi yanaşması ilə seçilərək bazarda etibarlı brendə çevrilib. Şirkət bu gün həm dövlət, həm də özəl sektorla əməkdaşlıq edərək ölkə daxilində bir çox nümunəvi layihələrə imza atır, yerli bazarda sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.

“Moon Group”un fəaliyyətində əsas prinsip keyfiyyətə kompromissiz yanaşma, operativlik və müştəri məmnuniyyətidir. Müasir texnologiyaların tətbiqi, yaradıcı dizayn həlləri və peşəkar komanda şirkətin bazarda fərqlənməsinə səbəb olub. Bu gün “Moon Group” təkcə xidmət göstərən müəssisə deyil, eyni zamanda poliqrafiya sahəsində standartlar müəyyən edən, gənc mütəxəssislərin yetişməsinə şərait yaradan bir platforma kimi tanınır, təcrübə və innovasiyanın vəhdətini nümayiş etdirir.

Ruslan Quliyev sahibkarlığı yalnız qazanc əldə etmək vasitəsi kimi görmür. Onun düşüncəsinə görə, sahibkar cəmiyyət qarşısında məsuliyyət daşıyır və qazandığının müəyyən hissəsini xalqa, dövlətə və gələcək nəsillərə qaytarmalıdır. O hesab edir ki, vətənsevərlik yüksək tribunalardan deyilən sözlərdə deyil, gündəlik əməli fəaliyyətdə, vicdanlı işdə, dürüstlükdə və sosial faydada özünü göstərir. Yeni iş yerlərinin açılması, vergilərin vicdanla ödənilməsi, işçilərə hörmət və qayğı göstərilməsi artıq vətənə xidmətin konkret formalarıdır, bu yanaşma isə sahibkarlığın sosial mahiyyətini ön plana çıxarır.

2024-cü ildən etibarən Ruslan Quliyev “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA)”nın sədr müavini kimi fəaliyyət göstərir. Bu platformada o, sahibkarların bir araya gəlməsi, əməkdaşlıq mühitinin gücləndirilməsi, sosial və maarifləndirici layihələrin genişləndirilməsi istiqamətində fəal mövqe tutur. Onun fikrincə, sahibkar təkcə iqtisadi fiqur deyil, cəmiyyətin düşüncəsinə təsir edən gücdür. Bir sahibkarın davranışı, münasibəti və dəyərləri onun rəhbərlik etdiyi kollektiv vasitəsilə ailələrə və bütövlükdə cəmiyyətə ötürülür, bu isə böyük mənəvi məsuliyyət deməkdir.

Ruslan Quliyev həmkarları və əməkdaşları tərəfindən alicənab, diqqətcil, səmimi və işinə son dərəcə məsuliyyətlə yanaşan rəhbər kimi tanınır. O, insan amilini hər zaman ön planda saxlayan, kollektivdə sağlam münasibətlərə xüsusi önəm verən sahibkardır. Onun üçün işçi yalnız əmək resursu deyil, ümumi məqsədlərə xidmət edən komandanın dəyərli üzvüdür, bu yanaşma kollektivdə etimad və sabitlik yaradır.

Ruslan Quliyevin gələcəyə baxışı aydındır. O, sağlam biznes mühitinin formalaşmasını, savadlı və peşəkar gənclərin yetişməsini, sahibkarlıqla milli-mənəvi dəyərlərin vəhdət təşkil etməsini vacib hesab edir. Onun ən böyük istəyi gənclərin öz ölkəsində inkişaf etməsi, bilik və bacarıqlarını Azərbaycanın rifahı naminə sərf etməsidir. Bu baxımdan Ruslan Quliyev üçün sahibkarlıq sadəcə biznes fəaliyyəti deyil, cəmiyyətə, xalqa və gələcək nəsillərə xidmət edən məsuliyyətli bir missiyadır, ömürlük həyat mövqeyidir.

Müəllif: S.Bilnəli

Poliqon.info

Seçilən
87
50
poliqon.info

10Mənbələr