AZ

Bakalavr təhsilinin müddəti azaldıla bilər? -

Son illər ali təhsil sisteminin daha çevik və müasir tələblərə uyğun qurulması bir çox ölkələrin gündəmindədir. Xüsusilə Avropa ölkələrinin əksəriyyətində bakalavr təhsilinin 3 il olması bu modelə marağı daha da artırıb. Azərbaycanda da bakalavr təhsilinin müddətinin 1 il azaldılaraq 3 ilə endirilməsi məsələsi müzakirə olunur. Bəs bu addım nə dərəcədə realdır və təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Milli Məclisin deputatı Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində, eləcə də qonşu Gürcüstanda da bu istiqamətdə müəyyən addımlar atılır, ancaq bu, kifayət qədər mürəkkəb məsələdir və bir gün ərzində qərar qəbul olunub dərhal həyata keçiriləcək proses deyil: “Bu, zaman tələb edən və mərhələli şəkildə həllini tapa biləcək bir məsələdir. Ona görə də bu sahədə qərarın qəbul olunması üçün ilk növbədə siyasi razılıq əldə edilməli və konkret addımlar atılmalıdır. Hazırda müzakirələr davam edir və əgər belə bir qərar qəbul edilərsə, vətəndaşlara bu barədə ətraflı və geniş məlumat veriləcək”. C.Məmmədov qeyd edib ki, bunun üçün əvvəlcə bir sıra mühüm qərarların qəbul edilməsi vacibdir: “Qərar qəbul edilməzdən əvvəl müvafiq hüquqi baza formalaşdırılmalı, mexanizmlər hazırlanmalı və yalnız bundan sonra müvafiq qərarlar qəbul olunaraq praktiki addımlar atılmalıdır. Düşünürəm ki, gələcək dövrdə bu istiqamətdə real addımların atıldığına şahid ola bilərik”. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov isə öz açıqlamasında bildirib ki, bakalavr təhsilinin müddətinin azaldılması məsələsi ali təhsilin struktur-transformasiya problemləri çərçivəsində qiymətləndirilməli və ayrı-ayrı ölkələrin təcrübəsinin mexaniki şəkildə transferi kimi deyil, sistemli institusional islahat kontekstində təhlil olunmalıdır: “Doğrudur, Avropa ali təhsil məkanında bir sıra ölkələrdə bakalavr pilləsi 3 il müddətində həyata keçirilir. Lakin bu modelin effektivliyi əvvəlki təhsil pillələrinin funksional yetkinliyi, kurikulumların kompetensiya yönümlü quruluşu və güclü keyfiyyət təminatı mexanizmləri ilə sıx bağlıdır. Azərbaycanda bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi nəzəri cəhətdən mümkündür, lakin hazırkı şəraitdə bu addımın praktiki reallaşması ciddi risklər daşıyır. Məlumdur ki, ali təhsil pilləsi çox vaxt orta təhsil səviyyəsində formalaşdırılmalı olan fundamental bilik və bacarıqları kompensasiya etmək funksiyasını daşıyır. Bu isə bakalavr proqramlarının faktiki olaraq normativ funksiyalarından kənara çıxmasına səbəb olur. Belə bir şəraitdə təhsil müddətinin azaldılması kurikulum yüklənməsinin daha da artmasına və tədrisin səthiləşməsinə gətirib çıxara bilər”. Ekspertin fikrincə, akademik baxımdan bakalavr müddətinin qısaldılması yalnız kurikulumların dərin struktur optimallaşdırılması ilə mümkün ola bilər:

“Tədris planları nəticəəsaslı və kompetensiya yönümlü şəkildə yenidən dizayn edilməli, təkrarlanan fənlər aradan qaldırılmalı, tələbənin müstəqil öyrənmə payı artırılmalıdır. Eyni zamanda, professor-müəllim heyətinin pedaqoji hazırlığı, qiymətləndirmə sistemləri və tədris resursları bu yeni modelə uyğunlaşdırılmalıdır. Bundan əlavə, beynəlxalq təcrübə göstərir ki, 3 illik bakalavr modeli adətən güclü və əlçatan magistratura pilləsi ilə tamamlanır. Yəni bakalavr təhsili əsasən fundamental və ümumi akademik baza formalaşdırmaq funksiyasını yerinə yetirir, ixtisaslaşma isə əsasən magistratura səviyyəsində baş verir. Azərbaycanda magistratura təhsilinin kütləvilik və keyfiyyət baxımından hələ də məhdud olması 3 illik bakalavr modelinin tətbiqini əlavə olaraq çətinləşdirir”. İ.Orucov qeyd edib ki, bakalavr təhsilinin müddətinin azaldılması məsələsi yalnız vaxt parametri ilə məhdudlaşdırıla bilməz: “Bu addım orta və ali təhsil arasında məzmun ardıcıllığının təmin edilməsi, kurikulumların elmi əsaslarla yenidən qurulması və ali təhsilin keyfiyyət təminatı sisteminin gücləndirilməsi ilə paralel şəkildə həyata keçirildiyi təqdirdə real və məqsədəuyğun hesab edilə bilər. Əks halda, bu dəyişiklik təhsilin keyfiyyətinə müsbət deyil, mənfi təsir göstərmək riski daşıyır”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.

Seçilən
111
metbuat.az

1Mənbələr