"Football-plus.az" xəbər verir ki, bir dəqiqəlik sükutdan və Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra başlayan yarışda 14 klubdan 100-dən çox idmançı gücünü sınayıb. Komanda hesabında 1-ci yeri tutan Cənub İdman Klubunun təsisçi və baş direktoru, respublikamızın əməkdar məşqçisi Samir Həsənov tədbirlə bağlı fikirlərini bölüşüb:
“16 ildi ki, bu sahədəyəm. İlk dəfə 2010-cu ildə Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yarış təşkil etdim. Həmin yarış böyük əks-səda doğurdu. Söz verdim ki, belə tədbirlərin müntəzəm keçirilməsi üçün əlimdən gələni edəcəm. Bügünkü yarış da bu qəbildəndi. Əsas məqsəd gənclərimizin vətənpərvər ruhda böyüməsinə töhfə vermək, istedadlı uşaqlarımızın üzə çıxmasına yardım etmək, onların idmana olan marağını daha da artırmaqdı”.
Cənub Klubunun vitse-prezidenti Yaşar Ağaməmmədov da yarışla bağlı fikir bildirib.“Şəhidlərimiz hamımız üçün əzizdi, müqəddəsdi. Onların qəhrəmanlığı Azərbaycanımızı bütövləşdirdi, millət-xalq olaraq başımızı uca etdi. Azərbaycan adı dünyanın bütün qitələrində,bölgələrində fəxrlə səsləndi, bu adın qarşısında kainat baş əydi. Onların xatirəsini uca tutmaq, daim xatırlamaq bizim əbədi borcumuzdu".
Tədbirdə, eyni zamanda, şəhidlərimizin valideynləri, onların ailə üzvləri də iştirak edib. Döyüşlər başa çatdıqdan sonra şəhidlərin yaxınları qalibləri mükafatlandıraraq, onlara fəxri fərman və diplomlar təqdim edib.




