AZ

Polis terrorçu ilə danışıqdadır, ara yerdə girovlar edam edilir

ain.az bildirir, Bizimyol portalına istinadən.

...Keçən əsrdə Yaponiya televiziya kanallarında bir reklam çarxı gedir. Bir qadın sahildə oturub, çayın axarında paltar yuyur. Qəfildən kolun arxasından bir kişi çıxır və qadını zorlamağa başlayır. Bu zaman titrdə belə bir mətn çıxır: "Paltaryuyan maşını al, yoxsa səni zorlayacaqlar".

Çox qəddar mətndir: onu sanki qadının zorlanması narahat edir, əslində isə məqsədi paltaryuyan maşını satmaqdır.

ABŞ prezidenti Donald Trampın bəyanatları və hərəkətləri bir növ həmin reklam çarxına bənzəyir: Ukraynaya təcavüzdən "narahatlıq" məhz o lənətə gəlmiş "paltaryuyan maşın"ı satmaq marağına uduzur. Əsas hədəf zorlanmanı pisləməkdir; o kişi o qadını ona görə zorlamır ki, qadının paltaryuyan maşınını yoxdur...

Bu elementar həqiqət Trampa, deyəsən, hələ də çatmayıb.

Görün, ABŞ prezidenti nə deyib. Sən demə, Rusiya Ukraynanın "uğur qazanmağını istəyir" (!) Və guya "Rusiya Ukraynaya ucuz enerji verəcək" (!)

Sözün doğrusu, bu çıxış Ukrayna prezidentini təəccübləndirsə də (hətta ironik tərzdə güldürsə də) şəxsən məni nə təəccübləndirir, nə güldürür.

Düzdür, Donald Trampa baxanda, çıxışlarını dinləyəndə Mixail Jvanetskinin məşhur bir yumoru da yadıma düşür: O zarafat belə idi: "Deyirlər, müdriklik yaşla gəlir. Amma bir də görürsən, yaş gəlib çatıb, amma müdriklik hələ də gəlib çıxmayıb".

Deməyinə, Jvanetski düz deyirmiş. Hərçənd Trampınkı yumordan çox uzaqdır. Ukrayna xalqının (elə rus xalqının da) faciəsi ilə məzələnmək, el arasında deyildiyi kimi, mırt tutmaqdı bu ("mırt" sözünün heç özündən xoşum gəlmir, o da ola, siyasətdə ifadə etdiyi anlam. Sadəcə, daha adekvat kəlmə tapa bilmədim. Yəqin sözün bitdiyi tarixi dayanacaqda, ya da döngədəyik).

Tarix demişkən, Putin nümunəsi çoxdan göstərmişdi ki, böyük dövlətin başçısı olmaq hələ böyük adam olmaq demək deyil. Hətta ABŞ kimi çox böyük dövlətin Tramp kimi başçısı olmaq böyüklüyə heç dəlalət etmir.

Bu adamdan Rusiyanın Kiyevə dağıdıcı hücumlarına münasibət soruşurlar, deyir, Ukrayna da Rusiyaya çox hücumlar edir.

Adam cani ilə qurban arasında bərabərlik işarəsi qoyur; hələ anlamır ki, Rusiya Ukraynaya hərbi təcavüz edib, ərazisini işğal edib, bir neçə vilayətini öz aləmində ilhaq edib. Tramp anlamaq istəmir ki, Ukrayna özünü müdafiə edir...

Yox, məncə, anlayır, sadəcə, Putinlə mümkün qədər tez anlaşmaq istəyir. Ukraynanı bölüşdürüb, müharibəni Ukrayna ərazisində dondurmaq (bitirmək yox, dayandırmaq yox, məhz dondurmaq!) istəyir ki, həm Moskva ilə, həm Kiyevlə sövdələşib, Ukraynanın həm işğal olunmuş, həm işğal olunmamış ərazilərindəki sərvətlərə qonsun. Bu zaman bir yanda, Amerika arıları Ukrayna çəmənliklərindən bal çəkərkən, qoy, bu ölkənin zibilliklərində də rus milçəkləri "kef" çəksin.

İcazə verin, "Tramp Putindən çəkinir" kimi fikirlərlə razılaşmayım. Tramp Putindən çəkinmir, yox. Sadəcə, onu aldatmağa çalışır. Trampın üslubuna baxın, bütün liderləri tərifləyir və tərifləyə-tərifləyə də "hərifləyir". Hər halda ona elə gəlir ki, Putini aldada biləcək. Ona postmüharibə dövründə Amerika biznesini Ukraynaya və Rusiyaya qaytarmaq, Rusiyanı Çinin "əlindən almaq" lazımdır.

Trampın oyunları bu məqsədlərin üzərindədir; öz aləmində girovları azad etmək üçün terrorçu ilə danışıqlar aparır.

Biz hazırda polislə terrorçunun danışıqlarını izləyirik. Polis rəisi (Tramp) öz şərtlərini TƏKLİF edir, terror dəstəsinin başçısı (Putin) isə şərtlərini DİQTƏ edir. Tərəflər razılığa gələ bilmir. Danışıqlar müddətində isə daha çox girov öldürülür. Bu ölümlər nə polis rəisini, nə terrorçubaşını narahat edir. Axı həmin bəxtsiz girovlar nə Amerikalılardır, nə ruslar, onlar Ukraynalılardır. Söhbətin mövzusu başqasının canıdır, ona görə polislə terrorçunun danışıqlarında tərəflər heç də tələsən kimi görünmürlər. Hər kəs öz işindədir, ortada qırılan isə Ukraynalılardır. Hə, doğru: rus Diktatorun "ət maşını"ndan keçirilən Rusiyalıların özləri də qurbandır. Axı bu, Rusiyanın, Rusiyalıların deyil, Putinin müharibəsidir. Sadəcə, diktator Rusiyalıları öz şəxsi müharibəsinə yoluxdurub; ya inandırıb, ya maraqlandırıb, ya da məhkum edib. Yaxud, necə deyərlər, üçü birində.

Heyrət! Mətn bizi gətirib başqa bir reklam çarxına çıxardı...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr