AZ

Həsən Zeynalov təltif xəbərini “Yeni Sabah”dan aldı: “Uşaqlarımın canına and olsun...”

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Yeni Sabah” təltifdən sonra Həsən Zeynalovla əlaqə saxlayarkən müsahibin təltiflə bağlı ilk məlumatı elə bizdən aldığı məlum olub.

- Salam, Həsən müəllim.

- Salam.

- Təbrik edirik Sizi.

- Çox sağ olun. Mən də sizi təbrik edirəm.

- Yəqin bilirsiniz, nəyə görə təbrik etdiyimi...

- Hamı hamının bayramını təbrik edir də.

- Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz.

- Uşaqlarımın canına and olsun, ilk xəbəri siz verdiniz mənə.

- Nə gözəl təsadüf oldu. Hansı hissləri keçirirsiniz?

- Hələ bu hisslər mənə çatmır. Telefonu yerə qoyandan sonra o hissləri anlayacam.

- Bu mükafatı gözləyirdinizimi?

- Uman yerdən küsərlər. Xidmətlərimə görə umurdum. Elə bilirdim yaddan çıxmışam. Amma, demə, unudulmamışam. Psixoloji olaraq beynimizə yeritmişdilər ki, pensiyaya çıxmısansa, hər şey qurtardı, getdi. Mən də elə qəbul eləmişdim ki, unudulmuşam. Hərdən xiffətlə öz-özümə deyirdim ki, 55 il işlədin, təqaüdə çıxdın, indi heç kimin marağında deyilsən. Sanki gözləyirmişlər ki, təqaüdə çıxım, bunlarçün yer boşaldım.

- Hazırda nə ilə məşğulsunuz?

- Türkmənistanda səfir olanda Aşqabadda yıxıldıqdan sonra onurğamda ciddi zədələr oldu deyə bir neçə əməliyyat keçirdim. Səhhətimə görə təqaüdə çıxdım. İndi nəvələrimə, qohumlara rahat vaxt ayırıram. 30 ildir məsul vəzifələrdə işlədiyim üçün vaxt azlığından qohum-əqrabalardan uzaq düşmüşdüm. Xüsusilə gənc qohumlarımı tanımırdım. Təqaüdə çıxandan sonra yanıma gəlirlər, tanış oluram onlarla.

- Hazırda səhhətiniz necədir?

- Prezidentin göstərişi və qayğısı ilə bir neçə əməliyyat keçirdim. İndi normalam. Artıq təqaüddəyəm, qoy gənclər işləsin. İstəyənlər, təcrübəmizdən istifadə eləsinlər.

- Bununçün Sizə müraciət olub?

- Yox, heç olmayıb. Amma təcrübəmi yaymağa, paylaşmağa hazıram.

Xatırlatma: Yanvarın 1-də 75 yaşı tamam olan Həsən Zeynalov 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk çağırış deputatı seçilib.

Daha sonra Naxçıvanın Bakıdakı daimi nümayəndəsi olan Həsən Zeynalov 2004-cü ildə diplomatik fəaliyyətə keçib.

2004-2023-cü illərdə o, Qars, İstanbul şəhərlərində baş konsul, eləcə də, Türkmənistanda fövqəladə və səlahiyyətli səfir vəzifələrində Azərbaycanı təmsil edib.

2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Həsən Zeynalov bu günkü prezident sərəncamı ilə bu ordenin ən yüksək dərəcəsinə layiq görülüb.

İlhamə Qasımlı 


Telegram kanalımız
Seçilən
122
yenisabah.az

1Mənbələr