AZ

Maştağa qəsəbəsində Yeni İl şənliyi keçirilib - FOTOLAR

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi yeni ilin gəlişi ilə əlaqədar olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsində, təşkilatın yerləşdiyi məkanda (ünvan: AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vüqar Hüseynov küçəsi, giriş 18) bir qrup uşaq və yeniyetmənin iştirakı ilə bayram şənliyi keçirmişdir.

QHT.az xəbər verir ki, 28 dekabr 2025-ci il tarixində uşaq birliyində yeni il şənliyinin təşkili məqsədi ilə geniş hazırlıq işləri görülmüş, yolka qurulmuş və müxtəlif rəngli fiqurlar, şarlar və yeni il atributları ilə bəzədilmişdi. Yolkanın üzərində səpələnmiş rəngli işıqlar sayrışaraq uşaqlara xoş əhval-ruhiyyə və sevinc bəxş edirdi.

İctimai birliyin yeni il şənliyinə hazırlanmasında Maştağa qəsəbəsi 255 №-li tam orta ümumtəhsil məktəbinin 9 C sinif şagirdləri – Həsən Muradov, Xədicə Bayramlı, Gülnar Hüseynova, Zəhra Abdullayeva, Muhəmməd Hüseyn Yaqubov və Aydan Abdullayeva fəal iştirak etdilər. Təşkilatın yerləşdiyi ünvanda, girişdə “Yeni iliniz mübarək!” böyük ölçülü baner yerləşdirilmişdi.

Şənliyə toplaşanları Şaxta baba və dostları qarşılayaraq salamlayır və Yeni İl münasibətilə təbrik edirdilər. Şənlikdə qız və oğlanlarla musiqi sədalarının müşayiəti ilə müxtəlif oyunlar keçirilmiş, uşaqlar böyük həvəs və sevinc ilə rəqs etmiş, mahnılar oxumuşlar. Yeni ilə həsr olunmuş bayram şənliyində Azərbaycan, İngilis və Rus dillərində çoxlu musiqi nümunələri səsləndi. Şənlik ərzində uşaq birliyi tərəfindən iştirakçıların foto çəkilişi də təşkil olunmuşdu.

Tədbirdə hər bir iştirakçıya yeni il bağlamasında yumşaq fiqurlardan ibarət müxtəlif hədiyyələr təqdim olundu.

“Oriqami” təşkilatının sədri Namiq Nəcəfov bayram şənliyinə toplaşanları təbrik edərək Yeni İldə təhsildə daha da çalışqan olmağı, idmanla məşğul olmağı və kitablara böyük maraq göstərməyi tövsiyə etdi.

Seçilən
94
qht.az

1Mənbələr