AZ

QHT sədri Aydın Xəlilov: “2025-ci ildə sosial siyasət nəticəyönümlü oldu”

Bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər bir həmvətənimizə birlik, əmin-amanlıq və firavanlıq arzulayıram. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik və bütövlük ideyasının rəmzi olan əlamətdar gündür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını mənəvi tellərlə birləşdirir, milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və dövlətçilik düşüncəmizin qorunmasında mühüm rol oynayır.

Bunu “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Xəlilov Aydın QHT.az-a bildirib. Onun sözlərinə görə, bu möhtəşəm həmrəylik ideyasının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun formalaşdırdığı müdrik siyasi kurs bu gün də Azərbaycan dövlətinin güc mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasi xətti uğurla davam etdirərək ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və sosial inkişafının sürətlənməsi naminə böyük fədakarlıq nümayiş etdirir:

"2025-ci il ərzində dövlətimizin həyata keçirdiyi sosial siyasət artıq yalnız strateji sənədlərdə deyil, real və gündəlik həyatda hiss olunan nəticələrlə müşayiət olundu. Pensiya və sosial müavinətlərin artırılması, ünvanlı sosial yardım mexanizmlərinin təkmilləşdirilməsi, aztəminatlı ailələrə və əlilliyi olan şəxslərə dəstəyin genişləndirilməsi bu siyasətin praktik təzahürləri kimi özünü göstərdi. Eyni zamanda məşğulluğun artırılması, aktiv əmək bazarı proqramlarının icrası, sosial xidmətlərin regionlarda daha əlçatan olması dövlətin sosial məsuliyyətinin sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirdi. Sosial siyasət yalnız maddi dəstək deyil, insan kapitalının inkişafına, inklüzivliyin təmininə və sosial ədalətin möhkəmləndirilməsinə yönəlmiş kompleks yanaşma kimi formalaşdı. Bu, 2025-ci ildə dövlətimizin sosial siyasətinin deklarativ deyil, nəticəyönümlü və vətəndaş mərkəzli xarakter daşıdığını açıq şəkildə göstərdi".

QHT sədri həmçinin bildirib ki, Qeyri-hökumət təşkilatları olaraq biz də bu proseslərin fəal iştirakçısıyıq. Xüsusilə əlilliyi olan uşaqların, əlilliyi olan gənclərin və onların ailələrinin sosial inteqrasiyası, müstəqil həyat bacarıqlarının inkişafı və cəmiyyətə tam qatılması istiqamətində görülən işlər həm sosial baxımdan faydalı, həm də dövlətçiliyimizin möhkəmlənməsi üçün son dərəcə əhəmiyyətlidir. Güclü dövlət güclü cəmiyyət üzərində qurulur və bu güc heç kəsi kənarda qoymayan inklüziv yanaşmadan keçir:

"Əminliklə deyə bilərik ki, 2026-cı ildə bu nailiyyətlər daha geniş miqyasda və daha yüksək səviyyədə davam edəcək, milli həmrəyliyimiz, sosial ədalətə söykənən dövlət siyasəti və vətəndaş–dövlət birliyi Azərbaycanı daha böyük uğurlara aparacaq. Bu əlamətdar gün münasibətilə bir daha bütün dünya azərbaycanlılarını təbrik edir, hər bir ailəyə rifah, ölkəmizə davamlı inkişaf və möhkəm həmrəylik arzulayıram.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək!"

 

Seçilən
14
qht.az

1Mənbələr