Bakı, 30 dekabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 90 milyondan çox süfrə yumurtası ixrac edilib. İxracın 33,5 milyon ədədi ABŞ-a, 54,5 milyon ədədi Birləşmiş Ərəb Əmirliklərinə reallaşdırılıb. İl ərzində, həmçinin 16 milyon ədədə yaxın damazlıq yumurta ixracına nail olunub ki, bu da indiyədək görünməyən səviyyədir. Bu il bizim üçün regionda və dünyada quş qripi hallarının kəskin artması fonunda ölkəmizdə hər hansı yoluxmanın qeydə alınmaması baxımından əlamətdar olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalı və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli 2025-ci ilin yekunları ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycan quşçuluq təsərrüfatları ili yaddaqalan nəticələrlə başa vurur: “İl ərzində quşçuluq sektorunda inkişafın dayanıqlılığı qorunub, ölkə bazarı keyfiyyətli yumurta və toyuq əti ilə fasiləsiz təmin edilib. Bu il biz davamlı inkişafı təmin etdik. Azərbaycan bazarında toyuq əti və yumurta ilə bağlı təchizatda kiçik problem belə yaranmadı. 2025-ci ilə baxdıqda, quşçuluq sahəsində 4 mühüm məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, quşçuluq təsərrüfatlarına dövlətimizin başçısının bilavasitə iradəsi ilə reallaşdırılan dövlət dəstəyi davam edib. İkincisi, bu dəstəyi yüksək qiymətləndirməklə quşçuluq sahəsində çalışan sahibkarlar ölkənin toyuq əti və yumurta tələbatını təmin etmək üçün əllərindən gələni ediblər. Digər region ölkələri ilə müqayisə etsək, bizdə nəticələr çox əladır”.
M.Həsənli qeyd edib ki, 2025-ci il ərzində yaxın qonşumuz olan Gürcüstanda, qardaş Türkiyədə həm toyuq əti, həm yumurtanın qiymətində kəskin artım baş verib: “Hazırda Gürcüstanda süfrə yumurtası Azərbaycan manatı ilə götürsək 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Soyudulmuş və təzə toyuq ətinin qiymətində də fərq nisbəti təxminən eynidir. İl ərzində istehsal nəinki azalıb, əksinə, ciddi artım olub. Bunun nəticəsində mart ayından etibarən ABŞ-a yumurta tədarükü həyata keçirilib. Məlum olduğu ki, ötən ildən ABŞ-da quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunub. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.
Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından olan Giləzi Quşçuluq, Yaşma Quşçuluq və Hacıqabul Quşçuluq ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə ediblər. Mart ayından etibarən ABŞ-a müntəzəm yumurta ixracına başlanılıb. Bu, Azərbaycan quşçuluq təsərrüfatları üçün böyük uğurdur, çünki ABŞ kimi keyfiyyətə yüksək tələblər qoyan bir ölkəyə ixrac icazəsi almaq hər ölkə üçün mümkün olan iş deyil.
M.Həsənli hesab edir ki, qarşıdan gələn 2026-cı il də quşçuluq təsərrüfatları üçün əlamətdar olacaq: “Bu sahədə çalışan təsərrüfatların inkişafla bağlı çox mühüm layihələri var. Ümid edirəm ki, gələn il onları reallaşdırmaqla toyuq əti ilə daxili bazarı tam təmin edəcək, eyni zamanda ixraca başlaya biləcəyik”.