AZ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Gürcüstanda qeyd olunub

Tbilisi, 30 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Gürcüstanda geniş şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda yaşayan soydaşlarımız bu günü silsilə tədbirlərlə qeyd ediblər.

“Rustavi Təhsil və Mədəniyyət Mərkəzi”ndə Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Mərkəzin direktoru Raida Dərziyeva çıxış edərək xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən irəli sürülən Həmrəylik Günün bu gün bütün dünya azərbaycanlıları tərəfindən yüksək ruh yüksəkliyi ilə qeyd olunduğunu söyləyib. Bildirib ki, Həmrəylik Günü dünya azərbaycanlılarının birliyinin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır.

Sonra mərkəzin Azərbaycan dili kursunun müdavimləri əyləncəli proqramla tədbirə rəng qatıblar.

Şaxta Baba uşaqlarla hədiyyələr paylayıb.

Növbəti tədbir Qardabani Təhsil və İnteqrasiya Mərkəzində keçirilib. Tədbirdə mərkəzin şagirdləri, valideynlər, müəllim kollektivi və qonaqlar iştirak etdilər.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra Mərkəzinin direktoru Çiçək Hüseynova çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birliyimizin və həmrəyliyin rəmzi olduğunu vurğulayıb. Bu cür tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Daha sonra Mərkəzin Azərbaycan dili müəllimi Sevda Şahverdiyeva çıxış edərək, həmrəylik ideyasının təbliğinin xüsusilə gənclər arasında əhəmiyyətini vurğulayıb, Ana dilinin qorunması və yaşadılması istiqamətində görülən işlərdən danışıb.

Tədbirin bədii hissəsində mərkəzin şagirdləri və gəncləri tərəfindən zəngin proqram təqdim olunub. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, milli və müasir mahnılar ifa edilib. Musiqi sədaları altında rəqs nömrələri nümayiş etdirilib, bayram əhval-ruhiyyəsi tədbir boyunca hiss olunub.

Sonda iştirakçılar Yeni ilin gəlişini böyük sevinc və coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, Qardabani Təhsil və İnteqrasiya Mərkəzi regionda təhsil, mədəniyyət və ictimai inteqrasiya sahəsində mühüm layihələr həyata keçirərək gənclərin inkişafına töhfə verməyə davam edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
93
azertag.az

1Mənbələr