Tbilisi, 30 dekabr, AZƏRTAC
Gürcüstanda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə aksiyası təşkil olunub.
Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki “Azərbaycan Evi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində iki yüzdən artıq aztəminatlı ailəyə, ahıl və kimsəsiz şəxslərə, xəstələrə yardım edilib.
Sosial yardımın çatdırılmasında Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəliyinin, “Xarı Bülbül” xeyriyyə təşkilatının, Ümum-Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin və digər icmaların rəhbərləri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində sosial həmrəyliyin gücləndirilməsi, ehtiyac sahiblərinə mənəvi və maddi dəstək göstərməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməldaşı Cavid Məhərrəmov dövlətimizin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından danışıb, bu yardımın da həmin siyasətin davamı olduğunu bildirib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov isə deyib ki, bu cür aksiyalar davamlı olaraq hər il keçirilir və gələcəkdə də davam etdiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi