AZ

Hər bir azərbaycanlı müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr edir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

xalqımızın tarixi yaddaşında milli birliyin, vəhdətin və ümummilli məsuliyyətin

rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyevin

sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

iclasında qoyulmuş və 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi

Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycanlıların

harada yaşamasından asılı olmayaraq eyni kökdən, eyni tarixdən və eyni taledən

gəldiklərini bütün dünyaya bəyan edən güclü ideoloji platformadır. Sovet

imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində baş verən tarixi

yürüşlər, sərhəd dirəklərinin sökülməsi xalqımızın parçalanmaya yox, birliyə məhkum

olduğunu nümayiş etdirmişdir. Bu, azərbaycanlıların milli özünüdərk və bütövlük

iradəsinin açıq ifadəsi idi.

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının

həmrəyliyinin ideoloqu kimi bu birliyi sistemli dövlət siyasətinə çevirmiş,

xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasını daim diqqət mərkəzində

saxlamışdır. Onun “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

sözləri hər bir azərbaycanlı üçün milli qürur manifestinə çevrilmişdir.

Bu möhtəşəm siyasi xətt bu gün möhtərəm

Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət

başçısının xarici səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşləri,

onların problem və təkliflərinə göstərilən diqqət, diaspor quruculuğunun dövlət

siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini təsdiqləyir. Xaricdə

yaşayan hər bir azərbaycanlının hüquq və mənafelərinin qorunması Azərbaycan

dövlətinin ali vəzifəsi kimi müəyyən edilmişdir.

Bu prosesdə Azərbaycanın Birinci

vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti

xüsusi qeyd olunmalıdır. Onun humanitar, mədəni və sosial layihələri dünya

miqyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin təbliğinə

mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən

beynəlxalq humanitar təşəbbüslər, mədəniyyətlərarası dialoqa xidmət edən

proqramlar Azərbaycanı sülh, əməkdaşlıq və humanizm məkanı kimi tanıdır, dünya

azərbaycanlıları arasında mənəvi bağları daha da möhkəmləndirir.

Vətən müharibəsi isə həm ölkə daxilində, həm də

dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların misilsiz milli həmrəyliyini

nümayiş etdirdi. Diaspor təşkilatlarımızın fəallığı, Azərbaycan həqiqətlərinin

beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri qətiyyətli

mövqe tarixi Zəfərimizin ayrılmaz tərkib hissəsi oldu. “Dəmir yumruq” bu gün

milli birliyimizin və sarsılmaz iradəmizin rəmzinə çevrilmişdir.

2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının

V Qurultayı - Zəfər Qurultayı milli həmrəyliyimizin yeni mərhələsinin

başlanğıcı oldu. Azad Qarabağda, azad Şuşada toplaşan dünya azərbaycanlıları

bir daha sübut etdilər ki, müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları

üçün güclü cazibə mərkəzidir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi

Günü milli birliyə, Vətənə sədaqətə, milli-mənəvi dəyərlərimizə hörmətə

çağırışdır. Əminəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir

azərbaycanlı bu müqəddəs günü qürurla qeyd edir, müstəqil və qalib Azərbaycan

dövləti ilə fəxr edir.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Seçilən
82
32
azerbaijan-news.az

10Mənbələr