Bakı, 30 dekabr, AZƏRTAC
"Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Pedaqoji Kollecdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə maarifləndirici görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Görüşdə Ombudsman Aparatının nümayəndələri, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli, kollecin rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.
Görüşdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bütün iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Daha sonra ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının Konstitusiyasının müstəqil dövlətçilik tariximizdəki rolu, insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması, cəmiyyətdə hüquqi şüurun formalaşdırılması baxımından “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə məruzə ilə çıxış edib.
Pedaqoji Kollecin direktoru Amalya Sezgin çıxışında görüşdə iştirak etdiyinə görə ombudsmana və digər dəvət olunmuş qonaqlara dərin təşəkkürünü bildirib, orta ixtisas təhsili müəssisələri arasında bu görüşün məhz ilk olaraq Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirildiyini xüsusi vurğulayıb.
Sonda S.Əliyeva tələbələrin insan hüquq və azadlıqları ilə bağlı suallarını cavablandırıb.
Tələbələrin ifasında səsləndirilən şeir və mahnılar tədbirə xüsusi rəng qatıb.