Astana, 30 dekabr, AZƏRTAC
Azərbaycan ilə Qazaxıstan ardıcıl olaraq siyasi dialoqu gücləndirir və praktiki əməkdaşlığı genişləndirir. Qlobal iqtisadi və logistik əlaqələrin dəyişməsi şəraitində nəqliyyat və inteqrasiya sahələrində birgə layihələrin əhəmiyyəti artır.
Qazaxıstanlı politoloq Aman Mambetaliyev AZƏRTAC-a verdiyi müsahibədə Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivləri, Orta Dəhlizin potensialını, türk amilinin rolu və yaxın illərdə Bakı ilə Astana arasında tərəfdaşlığın xarakterini müəyyən edə biləcək strateji həllərdən danışıb.
- Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın hansı istiqamətləri bu gün ictimaiyyətin diqqətindən kənarda qalır, lakin ortamüddətli perspektivdə əsas rol oynaya bilər?
- Həqiqətən də, böyük perspektivlərimiz var. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr ilbəil möhkəmlənir - bu, açıq-aydındır. Lakin rəqəmlərə nəzər salsaq, iqtisadi göstəricilər hələlik nəzərə çarpmır, baxmayaraq ki, hər iki ölkənin potensialı çox böyükdür.
Güman edirəm ki, inteqrasiya prosesləri, hər şeydən öncə, iqtisadi və logistika sahələrində, turizmdən tutmuş əsas enerji müqavilələrinə qədər əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Bu gün Qazaxıstan aktiv şəkildə alternativ marşrutlar axtarır və Azərbaycan da oxşar bir çağırışla qarşılaşır.
Bizim ortaq bir həll yolumuz var: logistika dəhlizi. Bu, ölkələrimizdən keçməklə Avropadan Asiyaya gedən və onların tranzit potensialını açan bir yoldur. Burada böyük imkanlar açılır.
Hər iki dövlətin liderlərinin siyasi iradəsi göz qabağındadır. Həm Azərbaycanda, həm də Qazaxıstanda xalq dəstəyi isə indi əvvəlkindən daha yüksəkdir.
Biz əsl birliyi müşahidə edirik. Qazaxıstan vətəndaşları ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizəsində Azərbaycanı fəal şəkildə dəstəkləyiblər. Zəfər Günündə birlikdə sevinirdik.
Əminəm ki, münasibətlərimizin siyasi potensialı da çox böyükdür və inteqrasiyanın bütün formalarında daha da dərinləşməsi nəzərdə tutulur.
- Bakı ilə Astana arasında regiondakı klassik ikitərəfli birliklərdən fərqli olan unikal qarşılıqlı əlaqə modelinin formalaşmasından danışmaq olarmı?
- Şübhəsiz ki, Astana və Bakı türk inteqrasiyası və ümumilikdə inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edirlər. Hər iki dövlətin açıqlığı Cənubi Qafqaz və Mərkəzi Asiyadakı bütün ölkələrin inteqrasiyaya fəal cəlb olunmasını təşviq edir.
Regionda klassik ikitərəfli birliklər qalır, lakin Azərbaycanla Qazaxıstan arasındakı münasibətləri unikal adlandırmaq olar: bu, məsələlərə ortaq baxış və iki ölkə liderlərinin əlaqələndirilmiş mövqeyi ilə birləşən eyni düşüncəli tərəfdaşların birliyidir.
- Qlobal qeyri-sabitlik və marşrutların rəqabəti nəzərə alınmaqla, Orta Dəhliz uzunmüddətli geoiqtisadi layihə kimi nə dərəcədə davamlıdır?
- Sürətlə dəyişən dünya göstərdi ki, bütün ənənəvi logistika marşrutları riskə məruz qalır. Məhz bu fonda Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir.
Bu marşrutu təsadüfən “Türk kəməri” və ya “Sabitlik kəməri” adlandırmırlar. O, təkcə coğrafiyaya deyil, həm də mədəni yaxınlığa, siyasi etimada və iştirakçı dövlətlərin maraqlarının üst-üstə düşməsinə əsaslanır.
Uzunmüddətli perspektivdə Orta Dəhliz Süveyş kanalı və ya Hörmüz boğazı kimi qlobal arteriyaların quru analoquna çevrilmək potensialına malikdir. Onun əhəmiyyəti artıq bu gün beynəlxalq tərəfdaşlar tərəfindən etiraf edilir, bu da layihənin yüksək dayanıqlılığından xəbər verir.
- Azərbaycan və Qazaxıstanın xarici siyasət yanaşmalarının üst-üstə düşməsi mövcud beynəlxalq vəziyyətə nə dərəcədə reaksiya deyil, strateji seçimdir?
- Burada hər şey olduqca sadədir. Həm Qazaxıstan, həm də Azərbaycan öz məsuliyyətlərini dərk edir. İki dövlət arasında qarşılıqlı əlaqə yolu ilə iki bölgənin inteqrasiyası kursunun müəyyənləşməsi, həqiqətən də, strateji seçimdir.
Azərbaycan ilə Qazaxıstan arasında sabit münasibətlər bütün Cənubi Qafqaz və Mərkəzi Asiya məkanının sabitliyini təmin edir.
- Türk amili bu gün iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafında hansı praktik rol oynayır?
- Tarixən xalqlarımız arasında əlaqələr orta əsrlərdən bəri mövcuddur - poçt, humanitar, elmi və dini.
Bakıda vahid türk əlifbası, eləcə də türk xalqlarının ortaq tarixinin öyrənilməsi və dərk edilməsinə yanaşmaların əlaqələndirilməsi layihəsi razılaşdırılıb.
Bu cür inkişaf qanunauyğundur: dünya sürətlə dəyişir, güc balansı transformasiya olunur və ortaq çağırışların dərk edilməsi türk dövlətlərini birgə həll yollarına sövq edir.
Biz görürük ki, Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan və Qırğızıstan istənilən böhran hadisələrinə baxmayaraq, bir-birini dəstəkləməyə hazırdırlar.
Əksər məsələlərdə ortaq mövqeyimiz var və əminəm ki, türk inteqrasiyası yalnız güclənəcək.
- Hazırda qəbul edilən hansı qərarlar növbəti 5-10 il ərzində Azərbaycan-Qazaxıstan tərəfdaşlığının xarakterinə həlledici təsir göstərə bilər?
- İlk növbədə, bu, iqtisadi əlaqələrdir. Hər dəfə Bakıya səfər edərkən getdikcə daha çox Qazaxıstan vətəndaşları ilə rastlaşıram. Almatıda getdikcə daha çox azərbaycanlı görürəm və bu, məni sevindirməyə bilməz.
Bu cür əlaqələr adi insanlar arasında körpülər yaradır, turizmin, kiçik, orta və iri biznesin inkişafı üçün imkanlar açır.
Humanitar sahədəki qərarlar da eyni dərəcədə vacibdir: təhsil və elm sahəsində sazişlər, Türk Akademiyası çərçivəsində iş, maliyyə və hüquqi tənzimlənmənin uyğunlaşdırılması. Bütün bunlar cəmiyyətlərimiz arasında əlaqələri gücləndirəcək və inteqrasiyanı dərinləşdirəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana