AZ

Avropa İttifaqı dəfələrlə bu məsələdə Gürcüstanı şantaj edib - Nino Tsilosani

BAKI, 30 dekabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) viza liberallaşdırılması ilə bağlı Gürcüstana qarşı süni şəkildə uydurulmuş arqumentlərdən istifadə edir”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinın vitse-spikeri Nino Tsilosani bildirib.

“Ukrayna və Moldova ilə bağlı insan hüquqları və korrupsiya bölmələri tamamilə kənarda saxlanılsa da, Gürcüstan haqsız şəkildə tənqid olunur. Əlbəttə, bu, ciddi mexanizmdir, yanlış bürokratların əlində sui-istifadə oluna bilər. Digər amil isə Gürcüstanın viza siyasətinin Avropa İttifaqının viza siyasəti ilə uyğunluğudur. Gürcüstanın Çinlə vizasız rejimi var, Avropa İttifaqının isə Çinlə vizasız gediş-gəlişi yoxdur. Belə süni şəkildə uydurulmuş arqumentlər Gürcüstanın viza liberallaşdırılmasına qarşı istifadə oluna bilər. Bizim tərəfimizdə əsas arqument ondan ibarətdir ki, Gürcüstan vasitəsilə digər ölkə vətəndaşlarının Avropa İttifaqına xaotik şəkildə daxil olmasını təsdiqləyən heç bir statistika yoxdur. Gürcüstanın digər ölkələrlə vizasız gediş-gəlişi Avropa İttifaqında xaotik miqrasiyaya səbəb olmayıb. Onların xaotik miqrasiya ilə bağlı tamamilə başqa problemləri var və bu, Gürcüstanla əlaqəli deyil”, - o deyib.

Nino Tsilosani qeyd edib ki, prosedurların sadələşdirilməsi viza liberallaşdırılması məsələsində müxtəlif ölkələrə münasibətdə bürokratların əlində daha çox səlahiyyətin cəmləşməsinə xidmət edir:

“Bu da dəfələrlə müzakirə olunmuş mövzudur. Bu məsələ ilə bizi dəfələrlə şantaj ediblər. Vizasız hərəkət rahatlıqdır, amma onun olmaması da tərəfdaş dövlətlər, o cümlədən Avropa İttifaqı üzvü olan ölkələrlə yaxşı siyasi münasibətlər və əməkdaşlıq qurmağımıza mane ola bilməz”.

Seçilən
90
teleqraf.com

1Mənbələr