1998-ci ildə aparılan ictimai rəy sorğusunda amerikalıların 2025-ci illə bağlı verdiyi proqnozların bir qismi illər sonra gerçəkləşib.
Publika.az xəbər verir ki, “CNN International”-ın məlumatına görə, “Gallup” və “USA Today” tərəfindən keçirilən sorğuda iştirakçıların irəli sürdüyü bəzi ehtimallar diqqətçəkən dərəcədə dəqiq olub.
Respondentlərin böyük hissəsi ABŞ-ın gələcəkdə qaradərili prezidentə sahib olacağını proqnozlaşdırmışdı. Bu gözlənti 2008-ci ildə Barak Obamanın prezident seçilməsi ilə reallaşıb.
Sorğuda “ölümcül və yeni bir xəstəliyin” ortaya çıxacağı ehtimalı da səsləndirilib ki, 2020-ci ildə baş verən COVID-19 pandemiyası bu proqnozu da təsdiqləyib. Eyni zamanda, kosmik səyahətlərin adi insanlar üçün geniş yayılmayacağı və yadplanetlilərlə təmasın baş verməyəcəyi ilə bağlı şübhələr də özünü doğruldub.
Bununla yanaşı, bəzi nikbin gözləntilər reallığa çevrilməyib. Sorğuda iştirak edənlərin üçdə ikisi bu müddət ərzində bir qadının ABŞ prezidenti seçiləcəyini düşünürdü, lakin bu baş verməyib. Respondentlərin yarıdan çoxu xərçəngin qəti müalicəsinin tapılacağını, 61 faizi isə insanların təxminən 100 il yaşayacağını proqnozlaşdırmışdı. Statistik göstəricilər isə dünya üzrə orta ömür uzunluğunun hələ bu səviyyəyə çatmadığını göstərir.