Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının başa çatmasından üç aya yaxın vaxt ötür. Açılış mərasimi sentyabrın 28-də, bağlanışı isə oktyabrın 8-də baş tutan tədbir dövlətimizin dəstəyi ilə yüksək səviyyədə təşkil olunsa da, Gənclər və İdman Nazirliyi Oyunlarda əməyi keçən bir çox şəxsin narazılığına şərait yaradıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, MDB Oyunlarına cəlb olunan xeyli sayda texniki işçinin, anonserlərin, menecerlərin və sair şəxslərin pulunu nazirlik hələ də ödəməyib.
Halbuki müqavilədə bütün ödənişlərin yarış başa çatdıqdan sonrakı bir ay ərzində ödənilməsi barədə öhdəlik qeyd olunub. Ancaq qeyd etdiyimiz kimi, üç aya yaxın zaman keçsə də, həmin puldan xəbər yoxdur.
Bir sözlə, qurum MDB Oyunlarına borclu qalıb. Belə görünür ki, nazirlik büdcəsini ilin sonuna nəzərdə tutulmuş ödəmələrə çatdıra bilməyib və ili kəsirlə başa vurub. GİN-in büdcəsinin boşalmasından və maliyələşmə üzrə əvvəlcədən planlaşdırılan ödəmələrə kifayət etməməsindən xəbər verən daha bir nümunə: Nazirlik adətən hər ilin yekunlarına həsr olunmuş tədbirdə qaliblərə plaketlərdən başqa, qiymətli hədiyyələr, brend mağazalardan alış-veriş etmək üçün kartlar da təqdim edirdi. Bu il yalnız plaketlə kifayətləniblər.
Məsələyə nazirliyin münasibətini öyrənməyə çalışsaq da, sorğumuza cavab verilmədi. Qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.
Əli Sahib