AZ

Dayanıqlı şəhərlər gələcəyin təminatıdır ŞƏRH EDİLDİ

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycan xalqı minilliklər boyu mədəni yaddaşını memarlığın simasında və yaratdığı şəhərlərdə qoruyaraq şəhərsalma və memarlıq ənənələrini formalaşdırmış, onu nəsildən-nəslə ötürmüşdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, ümummilli Lider Heydər Əliyevin “milli kimlik, dil və mədəniyyət” haqqında söylədiyi fikirlər bu gün də dövlət siyasətimizin ideoloji dayağıdır: "Bu xətt Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Bu gün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Qobustan təkcə tarixi abidələr deyil, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrdir.

Təəssüf ki, Azərbaycanın mədəni irsinin bir hissəsi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında məqsədli şəkildə dağıdılmış, vandalizmə məruz qalmışdır. Məscidlər, qəbiristanlıqlar və tarixi abidələr məhv edilmişdir. Bu, yalnız Azərbaycana deyil, bəşəriyyətin mədəni irsinə qarşı törədilmiş cinayətdir.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də tariximizin, mədəniyyətimizin və şəhərlərimizin geri qayıdışı idi. Bu baxımdan, Azərbaycanda ilk Milli Şəhərsalma Forumunun işğaldan azad edilən Ağdamda keçirilməsi rəmzi xarakter daşıyırdı.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri dünya miqyasında unikaldır. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” prinsipləri əsasında yeni həyat qurulur. Azərbaycan təkcə ərazilərini deyil, həm də mədəni və ekoloji irsini bərpa edir.

Məhz bu strateji baxışın davamıdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar Azərbaycanın yalnız daxili inkişaf prioritetlərini deyil, eyni zamanda qlobal məsuliyyətini və beynəlxalq hədəflərini əks etdirir.

2026-cı ildə Bakının BMT-nin daha bir mötəbər tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına evsahibliyi etməsi Azərbaycanın dayanıqlı urbanizasiya sahəsində qlobal müstəvidə rolunu nümayiş etdirir. Bu, ekoloji davamlılığı uğurla təbliğ etdiyimiz COP29-da əldə olunan nəticələrin fərqli müstəvidə davamıdır. Bu, Azərbaycanın sağlam və inklüziv şəhərsalma ənənələrinə verdiyi töhfənin növbəti təzahürüdür.

Şəhərlər tarixi yaşadan, milli irsi formalaşdıran və insana xidmət edən, dayanıqlı məkanlar olmalıdır. Azərbaycan şəhərsalma fəlsəfəsi məhz bu dəyərlər üzərində qurulur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
3
sia.az

10Mənbələr