Özbəkistan və Azərbaycan bir sıra prioritet sahələrdə yeni birgə layihələr hazırlayaraq investisiya əməkdaşlığını genişləndirməyə və şaxələndirməyə davam edir.
Bu barədə "Far.Az"a müsahibəsində Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) müşaviri, xarici siyasət idarəsinin mətbuat katibi Ahror Burxanov bildirib.
Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan investisiya əməkdaşlığını genişləndirmək və şaxələndirmək üzərində ardıcıl işləyir: "Hazırda tərəflər energetika, sənaye əməkdaşlığı, nəqliyyat və logistika, kənd təsərrüfatı, həmçinin "yaşıl enerji" və rəqəmsal iqtisadiyyat sahələrində yeni layihələr üzərində çalışırlar. Birgə müəssisələrə, istehsalın lokallaşdırılmasına və özəl sektorun qarşılıqlı investisiyalarının genişləndirilməsinə xüsusi diqqət yetirilir".
A.Burxanov qeyd edib ki, bu təşəbbüslər ümumi layihə portfelini artırmaq və ikitərəfli iqtisadi qarşılıqlı əlaqələrə əlavə təkan vermək məqsədi daşıyır.
Müşavir, həmçinin vurğulayıb ki, Özbəkistan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, o cümlədən perspektivli neft və qaz layihələrində iştirakda maraqlıdır: "Şahdəniz" yatağı, eləcə də Xəzərdəki digər böyük layihələr üzrə mümkün qarşılıqlı əlaqə məsələləri tərəflərin müvafiq qurumları və şirkətləri tərəfindən nəzərdən keçirilir. Eyni zamanda, iqtisadi məqsədəuyğunluq, qarşılıqlı fayda və iki ölkənin uzunmüddətli enerji inkişafı strategiyalarına uyğunluq prioritet olaraq qalır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.