Bakı, 30 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin müdrikliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün artan beynəlxalq nüfuzu, siyasi sabitliyi, güclü iqtisadiyyatı və qüdrətli ordusu ilə bütün dünya azərbaycanlılarının qürur və iftixar mənbəyinə çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası bu gün daha da inkişaf edib, güclənib.
“Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında formalaşan, Vətənə sarsılmaz sevgi, milli qürur hisslərini özündə ehtiva edən dünya azərbaycanlılarının həmrəyliyi ötən illər ərzində xalqımızın milli birliyinin və dövlətçilik ideallarına sədaqətin rəmzinə çevrilərək daha da möhkəmlənib. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynaması istiqamətində sistemli fəaliyyət həyata keçirilib”, - deyə deputat vurğulayıb.
1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti barədə dünya ictimaiyyətinə həqiqəti əks etdirməyən və reallıqdan uzaq informasiyaların təqdim olunduğunu söyləyən Mircəlil Qasımlı qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni lobbilərinin ideoloji təxribatlarının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülüb.
“Bu gün Prezident İlham Əliyev müdrik rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi diaspor quruculuğu sahəsində də dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Vətən müharibəsi və antiterror əməliyyatları zamanında, həmçinin ondan sonrakı dövrdə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik bu istiqamətdə atılan addımların parlaq nəticəsi idi”, - deyə o əlavə edib.
Dövlətimizin başçısının qətiyyətli rəhbərliyi ilə Azərbaycanın 2025-ci ili - “Konstitusiya və Suverenlik İli”ni də böyük nailiyyətlərlə yola saldığını söyləyən Mircəlil Qasımlı bildirib ki, beşinci ildönümünü böyük qürurla qeyd etdiyimiz Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz regionda yeni reallıqlar yaradaraq, qlobal əməkdaşlıq üçün geniş imkanlar açdı, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq birlik tərəfindən də dəstəkləndi. Həmçinin Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və yenidənqurma işləri Azərbaycanın iqtisadi qüdrətinin, milli həmrəyliyinin təzahürüdür və xalqımızın quruculuq əzmini bütün dünyaya nümayiş etdirir. Bu gün azad torpaqlarımız artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir ki, bu da Azərbaycanın siyasi, diplomatik və geostrateji uğurlarının rəmzidir.