AZ

Brend sevgisinin arxasında hansı psixoloji səbəblər dayanır?

Son zamanlar brend məhsullara göstərilən diqqət artıq psixoloji asılılıq səviyyəsinə qədər yüksəlib. İnsanlar ətrafdakıların bəyənməsi və qəbul etməsi üçün bahalı brendlərə müraciət edirlər.

İmkanının necə olmasından asılı olmayaraq məhz kimdənsə geri qalmamaq üçün qazandığı pulu son qəpiyinədək brend, bahalı məhsullara xərcləyən, aldığı əşyaları, geyimləri istifadə etməyən və bu alışqanlığını ram edə bilməyənlərin sayı artır.

Maraqlıdır, insanların brend məhsullara üstünlük verməsinin arxasında hansı psixoloji səbəblər dayanır?

Mövzu ilı bağlı "Cebheinfo.az"-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanların brend məhsullara üstünlük verməsinin əsas səbəbi sosial kimliklərini nümayiş etdirmək istəmələridir:

“Bu gün bir çox insan başqalarının baxışına görə yaşayır, məşhurların istifadə etdikləri məhsulları əldə etməklə özünü daha dəyərli hiss edir. Brend geyim və əşyaların sosial mövqeyi yüksəltdiyinə inanılır, bununla kimliyə süni parıltı əlavə olunur. Lakin bu yanaşma insanı real imkanlarını aşan davranışlara aparır. 

İnsan öz maliyyə resurslarını düzgün qiymətləndirməli, həyatının hansı prinsiplərlə dayandığını anlamalıdır. Brenddən uzaq qalanda cəmiyyətdə qəbul edilməyəcəyini düşünmək ciddi yanlışdır. Çünki bu hörmət görüntüdür və bu gün brend geyinən, sabah bunu edə bilməyəndə başqalarının münasibəti dəyişir".

Psixoloq qeyd edib ki, həyatın əsası başqalarının gözləntilərinə uyğunlaşmaq deyil, maddi və mənəvi imkanların düzgün istifadəsidir:

"Daha yaxşısını arzulamaq normaldır. Lakin "bahalı olan ən yaxşıdır" düşüncəsi psixoloji yük yaradır. Reklamlar məşhurlar üzərindən fantastik təsəvvürlər formalaşdırır, insan isə əldə edə bilmədiyi nəsnə üzündən özünü dəyərsiz hiss edir.

Nəticədə gərginlik, məyusluq, özünə münasibətdə pozuntu yaranır. Şəxs sosial təcridə sürüklənir, motivasiyasını itirir. Rəqəmsal mühitdə bu təbliğat daha güclü təsir göstərir.

Xüsusilə gənclər reallıqdan uzaq gözləntilərin təsiri altına düşür. İnsan özünü başqalarının yaratdığı standartlara deyil, öz gücünə və öz dəyərinə əsasən formalaşdırmağı öyrənməlidir".

Seçilən
142
1
cebheinfo.az

2Mənbələr