Gununsesi saytına istinadən ain.az xəbər verir.
Böyük dəmir qapı gördüm. Hər iki üzünə gözlər dikilmiş. İçəridən bu qapıya zillənən baxışlardan tövbə sədaları eşidilir. Kimi günahlarının bağışlanması üçün, kimi də etmədiyi günahlarına görə.
Bayırdan isə soyuq dəmir üzlü üzünə bu qapının dualar yağdırılır. İçəridəkilərin günahlarını bağışla, içəridəki günahsızları bağışla ilahi!
Burda arzular dəmir qapıya dəyib, şappıltı ilə düşür ayaqlar altına. Məkan çölündən içəri sovqatdan çox arzuların keçirilməsinə rüşvət tələsidir.
Buranın qarış-quruş, çarpazlaşıb üst-üstə düşən arzularından, dualarından qulaq tutulur. Tikanlı məftillərin uc-uca calanıb gedib keşikçi qülləsinə çıxan sonunda, elə həmin qüllədə dayanan əli silahlı əsgər də iki saatlıq növbətçilik vaxtının “bircə tez gəlib keçəydi” arzusunu qüllədəncə yönəldir göylərə. Göylərsə əlahəzirət zamanı “ayaqlamayıb” gətirib atır izdihamlı küçə darvazasına.
Zaman demişkən heç də o həmişə tələsməməyə qərarlı deyil. Baxışında dünyanın dərdini daşıyıb bura gətirən on yaşlı oğlan anasının əlindən bərk-bərk tutaraq, dayısının heç də mərhəmətli olmayan münasibəti fonunda barmaqlıqların əhatəsində yarım saatlıq görüşü bir göz qırpımındaca sona çatdığına təəssüf edir.
Axx, zaman niyə belə amansızsan? Bura dünyada gördüyüm ən dəhşətli mənzərəlrin ən dəhşətlisidir. Əzazilliklə insan əlacsızlığının, kədərinin pula dəyişildiyi məkandır. Hələb meydanında bir dəfə soyulan haqqın dərisi burada hər gün edam kürsüsünə çıxarılır.
Burda ani xoşbəxtlik üçün verilən pullar isti və böyük ciblərdə evlərə daşınır. Və bu evlərdə böyüyən uşaqların “halal” ruzisinə çevrilir. Taleyin acı qismətindən qulağından çıxarıb satdığı sırğasının pulu içəri ötürülə bilən bircə düyünçə sovqat, beş-on manat, amma çatdırılması üçün verilən çox hissə əlacsızlığı….
Əks tərəf əldə etdiyini bəlkə də evinə xanımı üçün hədiyyə ziynət əşyası almaq məmnunluğu…
Ürək daşdan deyil, uzaqlaşıb bütün bağlı qapıların açılmasını arzulayırsan. Ya rəbbim! Günahsızların eləmədiyini günaha yozmasın insanlar!
Günahı olanların tövbə duasını qəbul et! İnsan iztirablarından qazanc götürənləri bu bəd əməllərindən çəkindir!
Pərviz Yəhyalı
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.